Xəbər verdiyimiz kimi , mayın 1-dən etibarən ölkə ərazisində maskadan istifadə tələbi ləğv olunur.
Belə olan halda pandemiya dövründə maska taxmaq tələbini pozanlara yazılmış olunan cərimələr ləğv oluna bilərmi?
Məsələ ilə bağlı Bakupost.az -a millət vəkili Asim Mollazadə açıqlama verib.
Deputat bildirib ki, pandemiya dövründə maskaya görə yazılan cərimələrin ləğv olunmasının tərəfdarıdır:
“Cərimələrin hansı məqsədlərə görə tətbiq olunduğu araşdırılmalıdır. Sadəcə vətəndaş maskasız olduğuna görə cərimə tətbiq olunubsa, bunların ləğv olunmasının tərəfdarıyam. Lakin xəstə adam ictimai yerdə digər insanları yoluxdurubsa, buna artıq fərqli yanaşma olmalıdır. Bu, həm də digər vətəndaşın sağlamlığına olunan qəsddir. Ona görə araşdırılıb, bununla bağlı qərarlar vermək olar”.
Hüquqşünas Ələsgər Məmmədli məsələni hüquqi aspektdən şərh edib.
Bildirib ki, Konstitutsiyaya görə vətəndaşlar bu cərimələri ödəməyə bilərlər:
“Konstitutsiyaya görə şəxslərin lehinə olan normaların geriyə yönəlik qüvvəsi var. Amma əleyhinə olanların isə geriyə yönəlik qüvvəsi olmaz. Maska tələbi mayın 1-də aradan qalxırsa, bu, şəxsin lehinədir. Belə olan halda şəxslər bunu mübahisələndirərək Konstitutsiyanın bu müddəası çərçivəsində cəriməni verməkdən imtina edə bilər. Bunlar alınmamış cərimələrə aiddir. Yox əgər artıq cərimələr ödənilibsə, geriyə ödəniş məsələsi nəzərdə tutula bilməz. Bu gün qüvvədə olan qanunvericiliyə görə maskanın ləğv olunması şəxsin lehinədir. Şəxsin əleyhinə olmuş bu vəziyyətə görə cərimə varsa, bu gün lehinə olanın geriyəqüvvəsi mümkündür. İnzibati orqanlar bir qərar qəbul edərkən bunun hansı halda geriyəqüvvəsi olduğunu öz qərarlarında göstərsələr, daha yaxşı olar. Qərar verməsələr belə, şəxslərin imkanı var ki, Konstitutsiyaya görə bunu mübahisələndirsin və ödəməsin”.
Fəridə
Baku Post