Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Maskanın düzgün istifadəsi bizi virusdan qoruya bilər" - TƏBİB

  • 2020.11.12 11:09
  • 1224 Baxış
"Maskanın düzgün istifadəsi bizi virusdan qoruya bilər" -  TƏBİB

Maskalardan düzgün istifadə edilməli və o, ağız-burun boşluğunu tam olaraq, örtməlidir. Maskanın məhz düzgün istifadə edilməsi bizi COVİD-19 virusundan qoruya bilər.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, maskanın düzgün taxılmaması yoluxma sayını artıra bilər.

A.Qurbanov qeyd edib ki, virusa yoluxan bəzi insanlar “bütün gün maska taxırdım, amma virusa yoluxdum” deyirsə, demək maskanı düzgün istifadə etməyiblər:

“Bəzən maska taxdığı üçün rahatlaşan insan sıx təmaslara girir, itimai nəqliyyatdan istifadə edir. Amma məlum olur ki, o, maskadan düzgün istifadə etməyib. Maska insanı o zaman qoruyacaq ki, ondan düzgün istifadə edilsin. Bəzən insanlar “Maskanın hazırlandığı parçanın məsamələri virusun ölçülərindən böyükdür. Onsuz da virus o məsamələrdən keçir” deyə fikirləşirlər. Hamı bilməlidir ki, əslində, maska virusu saxlamaq üçün yox, biz danışdıqda, öskürdükdə bizim tənəffüs orqanlarımızdan ətrafa çıxan aerozolları saxlamaqdan ötəridir. Virus həmin aerozolların içində yayılır. Biz maskanı yalnız həmin aerozolların yayılmaması üçün taxırıq. Danışanda o aerozllar 1 metr, asqırıb, öskürəndə 2-3 metr məsafəyə qədər yol qət edir. Əgər qarşıdakı şəxs maska istifadə etməyibsə, o aerozollar onun tənəffüs yollarına daxil olacaq və bir müddət sonra xəstəlik onda da özünü göstərəcək”.