Məktəblərin yaxınlığında şagirdlərə müxtəlif yaşlı kişilər, hətta qadınlar tərəfindən narkotik maddə, daha çox “şüşə”, “patı” təklif olunması barədə mütəmadi olaraq iddialar səsləndirilir.
Övladı Masazır məktəblərindən birində təhsil alan G.M. adlı valideyn 12 yaşlı qızına “patı” verildiyini iddia edir.
O, Bakupost.az -a müraciətində övladına bir qadının bu maddəni verdiyini deyib: “Uşağa bir qadın yaxınlaşıb, yumru, parlaq 2 ədəd dərman kimi vasitəni verərək, “sən çox köksən, arıqlamaq üçün 2 dənə iç, gözəl qız olacaqsan” deyib. Qızım onları ovcunda sıxıb evə gətirib. Mənə göstərib olanları danışdı. Mən dərhal anladım ki, bu, narkotik ola bilər. Çünki neçə vaxt idi kök oğlan və qızlara onu arıqlama dərmanı adı ilə paylayırdılar”.
Valideynin sözlərinə görə, məktəbn direktoru və müəllimlər hadisədən xəbərdardırlar: “Mənim kimi başqa valideynlər də məktəb direktoru, müəllimlərə bu barədə deyiblər. Müəllimlər uşaqlara məktəbin həndəvərində, küçədə tanımadıqları adamdan nəsə almamağı tapşırır. Bir dəfə də uşaqlara pulsuz şəkər pambığı paylayırdılar. Səbəbini soruşduqda, dedilər ki, elə-belə paylayırıq. Kim bunu edir, niyə edir bilmədim. Onları uşaqların əlindən alıb atdım. Oğlan uşaqlarına da müxtəlif şirnikləndirici təkliflər edirlər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, iddialar araşdırılır:
“Nəticəsi olduğu təqdirdə mətbuata məlumat veriləcək”.
Aygün Musayeva
Baku Post