Masallı rayonu ölkəmizin dilbər guşələrindəndir. Füsunkar gözəlliyə sahib olan bu rayon təbiəti, o cümlədən göz oxşayan dağları, meşələri, şəfalı termal suları ilə də məşhurdur. Belə sulardan biri də şəhərdən 13 kilometr məsafədə çıxır.
Qayalıqlardan təbii formada çıxan məşhur istisu dəniz səviyyəsindən 1650 metr yüksəklikdə yerləşir.
İstisuyun həqiqətən də müalicəvi olmasını XX əsrin 60-cı illərində Masallıdan olan həkim-alim, şair-bəstəkar Mirkazım Aslanlı-Sarəng sübut etmişdir. O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim buraya gələrək əlavə tədqiqatlar aparıb və kəşfi təsdiqləyiblər.
Alimlər sübut ediblər ki, Dəmbəlov dağının döşündən çıxan istisu ilə revmatizm, oynaq ağrıları, artroz, pisarioz, germatit, neyrodermit, mədə-bağırsaq, böyrək və sidik yolları xəstəlikləri, habelə radikulit, prostatit, hipertoniya, qaraciyər və öd xəstəlikləri müalicə oluna bilər.
Hər il yay mövsümündə nəinki ölkəmizdən, eləcə də digər ölkələrdən yüzlərlə insan bu məkana üz tutur.
İstisu təbii şəkildə qayalardan çıxır və ərazidəki tikililərin içindəki hovuzlara xüsusi borularla ötürülür. Burada suyun istiliyi 60 dərəcəyə çatır. Bu səbəbdən, suda 15 dəqiqədən artıq qalmaq məsləhət görülmür.