Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Marketlərdə SODA yoxa çıxıb – İşbazlar aktivləşib, zavod bağlanır...

  • 2019.01.26 17:33
  • 31028 Baxış
Marketlərdə SODA  yoxa çıxıb –  İşbazlar aktivləşib, zavod bağlanır...

Son 2 həftədir ki, Azərbaycanda çay sodasının marketlərdə satışdan yoxa çıxması ilə bağlı məlumatlar yayılır. Mətbəxdə bir çox qida məhsullarının hazırlanmasında və bəzən də müalicələrdə insanlar üçün vacib olan bu məhsul qısa müddətdə iri marketlər şəbəkəsindən tutmuş xırda məhəllə mağazalara kimi yoxa çıxıb. 


Çay sodasından şirniyyat və un məmulatları bişirilməsində istifadə edən, eləcə də bəzi müalicəvi prosedurlar məqsədilə daxilə qəbul edən insanlar bu vacib məhsulun yoxa çıxmasından təşvişə düşüblər. 


Hazırda sosial şəbəkələrdə çay sodası əldə 2-3 manata satılır. Elanlarda sodanın məhdud sayda olması da vurğulanır.

İnsanlar 1.20 qəpiyə olan sodanın qiymətinin süni olaraq qaldırılmasına etiraz etsələr də, çoxları bir daha o sodadan tapa bilməyəcəyindən qorxaraq, hardasa kimlərdəsə ehtiyatda qalmış sodanı baha qiymətə almağa razıdır.


Medicina.az məsələni araşdıraraq, ölkəyə soda gətirilməsində yaranan problemin Başqırdıstanda olan məşhur Soda zavodunun bağlanması xəbərlərindən qaynaqlandığını aydınlaşdırıb. 


Sovet dövründən tanınan məşhur Soda markasının vətəni Başqırdıstanda  bikarbonat natriumun çıxarıldığı mədənlərdə təbii ehtiyatlar tükənmək üzrədir. Kompaniyanın yeni soda mənbələri tapması və mədənlər qazması üçün 5-7 il vaxt lazımdır. Hazırkı soda ehtiyatı 2020-ci ilə kimi qənaət etməklə çata bilər. Buna görə zavod istehsalı minimuma endirir. 


Ola bilər ki, bundan sonra MDB ölkələrinə artıq Başqırdıstan zavod istehsalı soda yox, başqa ölkələrdə istehsal olunmuş alternativ marka soda idxal olunsun.


Ona görə Azərbaycanda da ötən illər idxal olunmuş soda satışdadır və zavodun bağlanması barədə məlumatlar alıcıların daha çox soda almasına və bəzi işbazların da sodanı satışdan yığışdıraraq, əldən satmasına təkan verib.


Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sodanın yoxa çıxması ilə bağlı alıcılardan birliyə çoxlu şikayət və zənglərin olduğunu bildirib.


"Hesab edirik ki, sodanın defisiti idxalçıların sövdələşməsi və süni yaratdığı ajiotajdır.  Bu ucuz məhsulun belə qəhətə çəkilməsi normal deyil. Buna heç bir ciddi səbəb də yoxdur. Tələbin artdığını görüb bundan istifadə edən bəzi qruplar aktivləşərək süni qiymət artırır. 


Ola da bilər istehsalçı yaxın vaxtda markanı, qablaşdırmanı, qiyməti dəyişsin. Bundan xəbər tutan işbazlar satışda olan sodanı yığışdırıb. Düşünürəm ki, ölkəyə həmin marka sodanın gətirilməsində problem yaradılmamalıdır. Yaxın günlərdə satışda sodanın lazımi miqdarda olacağını gözləyirik”.

Eyyub Hüseynov sodanın müalicəvi təsiri barədə fikirlərin elmi əsasının olmadığını bildirib.


"Çox insanlar ona dərman kimi  baxır. Amma soda hansısa xəstəliyi və ya xərçəngi müalicə etmir.  Bir qutu soda bir neçə il yalnız müəyyən qida hazırlanmasında, uzağı diş, boğaz qarqarasında istifadə edilə bilər. Belə bir ucuz məhsulun süni yoxa çıxarılması yolverilməzdir. Yəqin ki, məsələnin həlli istiqamətində tezliklə işlər görüləcək”.

 

 


 

Marketlərdə SODA  yoxa çıxıb –  İşbazlar aktivləşib, zavod bağlanır...