Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Maqnit tufanı və dəyişkən hava ürəyə pis təsir edir- Kardioloqdan xəbərdarlıq

  • 2024.02.02 14:33
  • 1369 Baxış
Maqnit tufanı və dəyişkən hava ürəyə pis təsir edir - Kardioloqdan xəbərdarlıq

İstər sağlam insanların, istərsə də xəstələrin orqanizmində baş verən bütün proseslər və bioritmlər, fəsillərin hamısı insanların sağlamlığı ilə əlaqəlidirlər. Cavan və sağlam insanlarda təbiətin qeyri-sabitliyinə uyğunlaşma yüngül, ciddi əlamətlər törətmədən keçir. Yaşlılarda və xüsusilə ürək-damar, ağ ciyər, sinir sistemi xəstəlikləri olanlar da təsirsiz ötüşmür. Belə ki, orqanizmin uyğunlaşma prosesi çətinləşir, diskomfort və insanların səhhətində müəyyən problemlər yarana bilər.


"Medicina" xəbər verir ki, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun kardioloqu Rafiq Yusifli ürək-damar xəstələrinin soyuq aylarda diqqət etməli olduqları məqamları açıqlayıb.

"Müşahidələr göstərir ki, xüsusilə qış mövsümündə adi hal olan surətli (8 m/saniyədən çox) soyuq şimal, cənub küləkləri olduğu günlər arterial hipertoniya, ürəyin işemik xəstəliklərinin kəskinləşməsi, hipertonik krizlər, miokard infarktı, aritmiyalara təsir edir. Bundan əlavə, havanın nisbi rütubətinin artdığı günlərdə boğulma, ürək astması, ağciyər ödemi hallarının baş vermə ehtimalı olur.

Qeyd edilən hava şəraiti ilə əlaqəli mərkəzi sinir sisteminə aid ən çox baş ağrısı, miqren tutmaları, halsızlıq, əzginlik, tez yorulma, baş gicəllənmə, əzələ, oynaq ağrıları və s. müşahidə olunur.
Məhz buna görə də, sinoptiklər haqlı olaraq meteohəssas, xüsusən də ürək-damar xəstəlikləri olan insanları əvvəlcədən xəbərdar edirlər.

Burada ilk səbəb - soyuq hava ilə nəfəs almağın, orqanizmin soyuq hava təsirinə məruz qalan nahiyələrində, üzdə, sinədə, eləcə də hava şəraitinə uyğun geyinməmək nəticəsində bədən damarlarında sıxılma-spazmın baş verməsidir. Məlumdur ki, yüksək qan təzyiqi olanlarda arterialarda tonus yüksək və sıxılmış olur.

Soyuq havada bunlar bir az da artır və qan təzyiqi daha da yüksəlir.
Başqa bir misal olaraq, ürək əzələsinin (miokardın) bir hissəsini təmin edən koronar arteriyaların daralması, sinə ağrısı, habelə stenokardiyanı qeyd etmək istərdim.

İlk növbədə meteohəssas insanlar, xüsusilə ürək-damar xəstələri, yüksək qan təzyiqi, stenokardiyası olanlar, infarkt və ürək əməliyyatları keçirənlər həkim tərəfindən təyin olunmuş dərmanların qəbuluna diqqətlə əməl etməlidirlər.

Dəyişkən, soyuq və rütubətli hava günlərində imkan daxilində fiziki və zehni stressdən uzaq durmalı, mümkün qədər evdə qalmalıdırlar. Həmişə özləri ilə nitroqliserin, qan təzyiqi əleyhinə təcili kömək edə bilən dərmanlar, qan durulducular götürməlidirlər. Gün ərzində soyuq havada çox durmamalı, arterial təzyiqi, qanda şəkəri müntəzəm ölçməlidirlər. Aritmiya və s. dəyişiklik olarsa, müalicə həkiminə müraciət etməlidirlər.

Qışda orqanizm tez-tez vitamin çatışmazlığı, xüsusilə soyuq və şaxtalı günlərdə vitamin D çatışmazlığı ilə qarşılaşır və immunitet zəifləyir. Soyuq havalarda vitaminlər və minerallar sağlamlığı qorumağa kömək edər.

Ağır qidalar, qızardılmış ət, spirtli içkilərdən, siqaretdən uzaq durmaq lazımdır. Maqnit burulğanı gözlənilən günlər həkim məsləhəti ilə bitki tərkibli sakitləşdiricilər qəbul etmək, nisbətən sakit havada isti geyinməklə 10-15 dəqiqə həyətdə yüngül gəzintiyə çıxmaq tövsiyə olunur.

Sonda qeyd edim ki, hər havaya uyğunlaşmaq, onun pis təsirindən qorunmaq o qədər də çətin deyil. Həkimin tövsiyələrinə əməl etmək və sağlamlığınıza diqqət yetirmək kifayətdir".


Medicina.az