Mammoqrafiya qadınlarda süd vəzilərinin daha aydın, detallı, belə deyək, KT müayinəyə bərabər müayinə metodur.
Onkoloji xəstəliklərə ciddi şübhə olduqda təyin olunur. Avropa və Amerikada 45 yaşından sonra hər bir qadını 2 ildən bir mammoqrafiya edirlər.
Bu, süd vəzi xərçənginin skrininqi üçün vacibdir.
Ən kiçik, nəzərəçarpmayan düyünləri, törəmələri, süd vəzi toxumasının ən sıx formasında belə dəyişimləri çox aydın göstərir və həkimlər üçün yekun nəticə qərar verməyə kifayət edir.
Medicina.az qeyri-invaziv müayinə metodu olan mammoqrafiyanın qaydalarını təqdim edir.
Kimlərə olunmalıdır:
-USM müayinədə mammoloq şübhəli törəmə görübsə
-45 yaşdan sonra hər bir qadına
-40 yaşdan yuxarı xroniki ginekoloji xəstəlikləri olanlara
-Onkologiyadan müalicə olunanlara, kimyaterapiya və əməliyyat olunanlara
Müayinə aparatı rentgenə bənzəyir, ayrıca otaqda olur, həkim radioloqun birbaşa iştirakı ilə süd vəzilər bir-bir şüşə lövhənin üzərinə qoyulub üzərinə görüntü çəkən lövhənin qoyulması ilə aparılır.
Sonda xəstəyə rentgen kimi görüntü və ya disk verilir. Prosedur 15 dəqiqə çəkir.
Nəticəyə yalnız mammoloq və onkoloq baxıb, rəy verməlidir. Nəticə müsbət, mənfi, yalançı müsbət, yalançı mənfi ola bilər. Yenə də düzgün yozum mütəxəssisin peşəkarlığından asılıdır.
Nəticə müsbət olarsa, əlavə olaraq qan analizi, testlər, digər orqanların KT-si, USM, biopsiya təyin edilir.
Müayinədən öncə nə etməli?
-Həmin gün süd vəzi, sinə, qoltuqaltına dezodorant, losyon, talk, krem çəkmək olmaz. Bunlar mammoqrafiyada ləkə kimi görünəcək.
-Əgər müayinə zamanı süd vəzisi çox sıxılıb, ağrıyırsa, dözməyin, dərhal həkimə deyin.
-Mammoqrafiya menstrual tsiklin 5-12-ci günlərində olunur, bu ərəfədə süd vəziləri daha yumşaq olur
Əslində süd vəziləri ilkin olaraq USM və MRT ilə yoxlanıla bilər. Adətən mastopatiya, fibroadenoma və kistlərdə gənc qadınları elə bu üsulla yoxlayırlar. Bunlar daha az şüalı metodlardır. Amma bu iki metod çox zaman yalançımüsbət və ya yalançı mənfi diaqnoz verə bilər. Ona görə 70% şişə şübhə varsa, mütləq mammoqrafiya olunur.
Gənc qadınlara olmaz
Təəssüf ki, bir çox klinikalar, həkimlər elə süd vəzisində ağrı, şişkinlik, hər hansı xəstəlik olan qadını əvvəlcə USM etmək əvəzinə elə birbaşa mammoqrafiyaya göndərir, bu müayinə isə süd vəzidə ciddi problem aşkarlamır. Ölkəmizdə hətta 35-30-35 yaşlı qadınların da sadəcə müayinə adı ilə mammoqrafiyaya yazılması faktları var.
Hər döşü ağrıyan qadını bu müayinəyə salmırlar. Çünki bu müayinə süd vəzilərini çox şüalandırır.
Avropa, Amerika, Türkiyədə mammoqrafiya hələ reproduktiv yaşda olan, xüsusən doğum etməyən, hamiləlik planlayan gənc qadınlara qəti edilmir və qadağandır.
Kimlərə olmaz?
-40 yaşa qədər qadınlara
-Hamilələrə
-Südverən qadınlara