Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ölkədə yayılan xəstəlik mübahisə doğurdu: paraqrip, yoxsa...

  • 2018.02.07 11:10
  • 24700 Baxış
Ölkədə yayılan xəstəlik mübahisə doğurdu:  paraqrip, yoxsa...
Baş epidemioloq: "Laborator müayinə olmadan heç kimin ümumiləşdirmə aparmağa ixtiyarı yoxdur”


"Payız və qış aylarında əhali arasında yayılan və qrip adlandırılan infeksiya əslində paraqripdir. Bu, qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır”.


Bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova AzərTAC-a deyib: "İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ ağrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir. Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur”.


Onun məlumatına görə, xəstəliyə ən çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur. Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir və səsi batır. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bitir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.


Xəstəliyin müalicəsi haqqında danışan həkim-infeksionist daha sonra deyib: "Paraqripin spesifik müalicəsi yoxdur, xəstələrə virus əleyhinə və immunomodulyator təyin olunur. Hərarətin 38,5 dərəcədən yüksəyə qalxdığı hallarda qızdırmasalıcılardan, öskürəklə ağırlaşma hallarında bəlğəmgətiricilərdən istifadə edilir. Zökəm əlamətlərini aradan qaldırmaq üçün buruna dəniz duzu məhlulu tökülür. Tərlədici vasitələrdən ən çox moruq, ondan hazırlanan mürəbbə, cökə çiçəkləri, bəlğəmgətiricilərdən biyan və gülxətmi kökləri, dəvədabanı, bağayarpağı, iltihab əleyhinə təsirli bitkilərdən isə adaçayı, çobanyastığı çiçəkləri, gülümbahar çiçəklərinin dəmləmələrindən istifadə edilməsi məsləhətdir. Orqanizmin müqavimətini artırmaq, vitaminə olan tələbatı ödəmək üçün ən yaxşı vasitələrdən itburnu meyvələrinin dəmləməsi və qara qarağat şirəsini qəbul etmək olar. Ətrafdakıların yoluxmaması üçün ilk növbədə xəstəni təcrid etmək, istifadə etdiyi dəsmal, boşqab və stəkanı ayırmaq lazımdır”.


Gördüyünüz kimi, ölkədə yayılan qriplə bağlı ortaya yeni tezis atıldı. Hazırda qrip sürəci keçirən şəxslər sözügedən əlamətləri oxuyan kimi özlərində bununla bağlı paralel aparırlar. Çünki bir neçə il öncəkilərlə müqayisədə müasir qripin əlamətləri fərqlidir və insanlar da yeni növ qripə yoluxduqlarını düşünürlər.


Amma ölkənin baş epidemioloqu İbadulla Ağayev  "Yeni Müsavat”a açıqlamasında bu tezisi tamamilə inkar etdi. Onun sözlərinə görə, laborator müayinə olmadan heç kimin belə bir açıqlama verməyə və ümumiləşdirmə aparmağa ixtiyarı yoxdur. Müsahibimiz dedi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyası dünyanın müasir ölkələri ilə yanaşı gedən, onlardan da artıq aparat və cihazları olan mərkəzdir. Baş epidemioloq respublikanın ərazisində nümunə üçün əhalidən götürülən müayinələrin orada aparıldığını vurğuladı: "Azərbaycanda belə bir nəticə yoxdur ki, yeni qrip növü aşkarlanıb. Laborator müayinə olmadıqca mən buna cavab verə bilmərəm. Ölkədə stabil durumdur. Kəskin respirator virus xəstəlikləri isə hər il olduğu kimi, dünyada və Azərbaycanda da var. Hər bir şəxs özünü xəstəlikdən qorumalıdır. Sizinlə danışan baş epidemioloq, professor dünən axşam az qala, soyuqdan ölmüşdü. Paltomu unutmuşdum, bir neçə kilometr pencəklə getdim. Özümü qorumamışam. Havaların soyuması ilə bağlı əhali üst geyimlərə fikir verməlidir. Ev qızdırılmırsa, qalın paltardan istifadə etsinlər. Xəstələnənlərdən - asqıranlardan, öskürənlərdən, burnundan su gələnlərdən xahiş edirəm ki, başqalarını yoluxdurmasınlar. Apteklərdən maska alsınlar”.


İ.Ağayev "şəhərdə klassik qrip yayılıb” fikrini də inkar etdi. Dedi ki, hazırda Azərbaycanda 4242 kənd var və bu kəndlərdə nə qədər qrip yayıldığını heç kim dəqiq deyə bilməz: "Səhiyyə Nazirliyi gedib hamısına nəzarətçi qoya bilməz ki. Mən necə bilim ki, kimə hansı növ xəstəlik keçib? Şayiə kimi yayılır ki, filan xəstəlik filan yerdə var. Biz bunu nəzarətə götürürük axı. Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrin ərazisindəki xəstəliklər barədə məlumatlıdır. Ən pisi odur ki, insanlar özləri özlərini müalicə etməyə çalışırlar. Yazırlar ki, qrip yayılıb. Kim deyir ki, yayılıb? Hardan yayılıb? Hər 3 adamdan biri xəstə ola bilməz. Hesablamalarımız var. Mənim işlədiyim kafedrada 20 adam var, burda bir nəfər də xəstə yoxdur. Səmimiyyətimə inanın, mən sizə nə var, onu deyirəm”.


İlk qarın yağması ilə qrip xəstəliyinin azalacağı arasında əlaqə olmasına gəlincə, baş epidemioloq buna da münasibət bildirdi. Dedi ki, bütün mikrobların yaşama müddəti var. Onun sözlərinə görə, havalar soyuyanda müəyyən törədicilər məhv olur: "Ola bilər ki,  qar yağanda virusların məhv olacağını deyən mütəxəssis olsun. Amma mən deyim ki, adi mikroskop belə o mikrobu görə bilmir. Mikrobun yaşama müddəti var. Bəllidir ki, soyuğa davamı olmayan mikroblar qarlı havalarda məhv olub gedir”.a