" Xocalı prospekti Süleyman Vəzirov küçəsindəki binalarda səhərdən nə işıq, nə də su var. 15 mərtəbəli binanın pilləkənlərini ağır çantalarla qalxmaq nə dərəcədə doğrudur? Ötən dəfə bir xanımın körpəsi ağır xəstə idi və təcili yardım biləndə ki, lift işləmir, gəlmədi. Çünki piyada qalxıb xərəkdə o uşağı düşürmək var".
"Medicina" xəbər verir ki, Elmira Ələkbərzadə yaşadığı binanın acınacaqlı durumundan şikayətlənib.
"Biz neçənci əsrdə yaşayırıq? Axır vaxtlar gecə saat 1-dən səhər 5-ə qədər su vermirlər. Bəlkə biri gecə 3-də yatır.
Yaşadığım ərazidə nə qədər xəstə insanlar var, onlar nə etsinlər? Bəlkə biri çay içmək istəyir, bunu necə etsin? Xocalı Rayon İcra Hakimiyyətinin Başçısına, MTK-nın sahiblərinə səslənirəm. Bacım Sevda Ələkbərzadə evdə çaysız, susuz qalıb. Niyə? Xahiş edirəm, Xətai Rayon İcra Başçısı bir əncam çəksin".
Aygün M