Müəyyən yoluxucu xəstəliklərə qapalı yerlərdə yoluxma riski daha yüksəkdir.
“Medicina” xəbər verir ki, həkim Jemçuqov liftdə qızılcaya yoluxma riskinin yüksək olması barədə xəbərdarlıq edib.
Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Müsbət 56 dərəcədə virus 2 - 3 dəqiqəyə məhv olur. Günəş işığının təsiri və ultrabənövşəyi şüalara qarşı həssasdır.
Qızılcaya bütün yaşlarda yoluxma halları olur. Bu 1 yaşdan 4 - 5 yaşa qədər olan uşaqlar arasında daha çox yayılan xəstəlikdir. Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya, yuxarı tənəffüs yollarının katarı, papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişasıdır.
Ağırlaşması arasında pnevmoniya, beyin infeksiyaları və ensefalit, qaraciyərin zədələnməsi, hətta ölüm ola bilər.
Tibb elmləri doktoru Vladislav Jemçuqovun sözlərinə görə, virusun minimum miqdarı çoxlu sayda insanı yoluxdurmaq üçün kifayətdir. Həkim adi liftdə infeksiyaya yoluxma riskinin yüksək olduğu barədə xəbərdarlıq edib. Liftə bir xəstənin daxil olması kifayətdir ki, ondan sonra ora daxil olan onlarla insan yoluxsun.
Günay Quliyeva