Libidonun azalması stress və yorğunluqdan tutmuş ciddi tibbi vəziyyətlərə qədər müxtəlif amillərin səbəb ola biləcəyi ümumi bir problemdir.
Medicina.az xəbər verir ki, bu barədə "SM-Clinic" Reproduktiv Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Daria Kazakova “Gazeta.Ru”ya danışıb.
O bildirib ki, libido qadının həyatının müəyyən dövrlərində - məsələn, menopoz zamanı və ya doğuşdan sonrakı dövrdə təbii olaraq azala bilər.
“Qarışıq oral kontraseptivlər və ya antidepresantlar kimi müəyyən dərmanların qəbulu da libidonu azalda bilər.
Bunu yaşayırsınızsa, diaqnoz qoymaq və səbəbi müəyyən etmək üçün həkimə müraciət etmək vacibdir. Testlərin seçimi xəstənin fərdi xüsusiyyətlərindən və libidonun azalmasının şübhəli səbəblərindən asılı olacaq”, - Kazakova qeyd edib.
Həkimin sözlərinə görə, bu zaman ümumi testlər, hormonal testlər, infeksiya üçün testlər və psixoloji testlər təyin edilə bilər.
“Qan testi bədənin ümumi vəziyyətini qiymətləndirməyə və libido səviyyəsinə təsir edə biləcək mümkün xroniki xəstəlikləri (anemiya, şəkərli diabet və s.) müəyyən etməyə imkan verir”.
Həm kişilərdə, həm də qadınlarda aşağı testosteron səviyyələrinin libidonun azalmasının ümumi səbəbi olduğunu diqqətə çatdırıb.
“Tiroid disfunksiyası libidoya təsir göstərə bilər. Yüksək səviyyədə prolaktin menstruasiya pozuntularına səbəb ola bilər. Bu da öz növbəsində libidonu azalda və hamiləlikdə problemlər yarada bilər”, - deyə həkim qeyd edib.
O, infeksiyalar üçün aşağıdakı testlərdən keçməyi məsləhət görüb: trichomonas, gonococci, chlamydia, genital mycoplasma:
“Bu infeksiyalar cinsiyyət orqanlarının iltihabına səbəb ola bilər. Bu zaman xəstələrdə cinsi əlaqə zamanı ağrı və narahatlıq yaranır. Beləliklə, libido azalır”.
Həkim psixoloji testlərin isə libidoya təsir edə biləcək depressiya, narahatlıq və digər psixoloji problemlərin mövcudluğunu müəyyən etməyə kömək etdiyini deyib.
O nəzərə çatdırıb ki, özünüz üçün testlər təyin etmək tövsiyə edilmir. Fərdi göstəriciləri müəyyən etmək üçün həkimə müraciət etmək lazımdır.
“Test nəticələri həkim tərəfindən şərh edilməlidir, çünki onlar libidoya təsir edən yeganə amil olmaya bilər. Libidonun azalması zamanı dərman müalicəsi, psixoterapiya və ya həyat tərzinin dəyişdirilməsi tövsiyə edilə bilər”, - deyə mütəxəssis vurğulayıb.
Aysel