Xalq artisti Leyla Şıxlinskaya sahibi olduğu klinikanın bəzi əməkdaşlarının barələrində cinayət işi açılaraq həbs olunmaları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Medicina.az xəbər verir ki, lent.az-a açıqlama verən xalq artisti bildirib ki, klinikanın baş mühasibi, kassiri, adminstratoru və daha 3 nəfər vergidən yayınaraq külli miqdarda vəsaiti ələ keçirdiyi üçün həbs edilib və barələrində başlanmış cinayət işinin istintaqı yekunlaşmaq üzrədir: "Bu işdə mənim heç bir rolum yoxdur. Mən klinikanın sadəcə təsisçisiyəm, heç bir hüquqi sənəddə imzam yoxdur. Heç bir işə qarışmıram. Bu şəxslər - baş mühasib Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, kassir Aytən Poladova və digərləri bütün haqq-hesabları özləri aparıblar. Onlar əvvəl mənim pulumu kəsdilər. Klinikadan mənə pul çatmırdı. Sonra da dövləti aldatmağa, külli miqdarda vəsaiti ələ keçirməyə başladılar. Bildiyimə görə, 700 min manatdan çox vəsaiti ələ keçiriblər və istintaq da bunu sübuta yetirib”.
Leyla Şıxlınskaya əlavə edib ki, klinikanı yaradarkən çoxlu maliyyə vəsaiti sərf edib və mühasibatlığın, oraya rəhbərlik edən şəxslərin törətdiyi əməldən sonra buranı yenidən formalaşdırmaq, təmir edib yeni avadanlıqlar almaq qərarına gəlib: "Həmin şəxslər qanun qarşısında cavab verəcək. Vaxtı ilə bura gələndə qəbul otağında oturan insanlar sonradan mənim mərhəmətimdən istifadə edib vəzifə tutdular və belə bir çirkin əməl törətdilər”.
Qeyd edək ki, Leyla Şıxlinskayanın klinikası ilə bağlı cinayət işinin açılması barədə ilk olaraq femida.az saytı yazıb.