Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lətifələri ilə məşhur olan şəhərin sakinləri ən çox hansı xəstəlikdən əziyyət çəkir? - Şəki xəstəxanasından REPORTAJ

  • 2018.12.03 15:03
  • 11253 Baxış
Lətifələri ilə məşhur olan şəhərin sakinləri ən çox hansı xəstəlikdən əziyyət çəkir? -  Şəki xəstəxanasından REPORTAJ
Səhiyyə Nazirliyi Şəki Mərkəzi rayon Xəstəxanasına mediatur təşkil edib.


Medicina.az xəbər verir ki, turda ölkə ərazisində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Turun təşkilində məqsəd buradakı vəziyyətlə tanış olmaq, yeni kadrlar cəlb etmək, rayonlarda yaranan həkim çatışmazlığı kimi məsələlərə aydınlıq gətirməkdir. Media nümayəndələrinə bildirilib ki, Şəki Mərkəzi rayon Xəstəxanası özündə 65 tibb müəssisəsinı birləşdirir. Burada 238 həkim, 1100 orta tibb işçisi çalışır.

 

Jurnalistlər xəstəxanada fəaliyyət göstərən şöbələrdə olublar. Hər bir şöbənin baş həkimi onlara xəstəliklər barədə ətraflı məlumat verib. 


Hemodializ şöbəsinə baş çəkən media nümayəndələri buradakı şəraitlə maraqlanıblar. Bildirilib ki, rayon üzrə hazırda 60-a yaxın dializ xəstəsi var və onlar mütəmadi olaraq müalicə edilirlər. Burada həmçinin, Şəki, Oğuz və Qax rayonlarından müraciət edən xəstələr müalicə alır. Xəstələrdən ən yaşlısının 70-dən yuxarı, ən gəncinin isə 23 yaşı var.

 



Həmçinin media işçiləri onkoloji xəstəliklər, göz xəstəlikləri barədə də məlumat alıblar. Tur iştirakçıları xəstəxanada vətəndaşlara göstərilən xidmətlə də maraqlanıblar.


Jurnalistlər ilkin tibbi yardım palatası, kompüter tomoqrafiyası, əməliyyat otaqları ilə tanış olublar. Bildirilib ki, xəstəxananın ilkin təxirə salınmaz yardım şöbəsi gün ərzində 10-15 ağır xəstə qəbul edə bilir. Regionda ağır qəzalar zamanı xəstələr Şəki Mərkəzi rayon Xəstəxanasına yerləşdirilir. Ümumi reanimasiya şöbəsində eyni vaxtda 12 -24 nəfərə qədər xəstəyə tibbi xidmət göstərilə bilir.

 



Xəstəxanada ən müasir texnologiyadan istifadə olunduğu qeyd olunub. 


Baş həkim Elçin Əmirov bildirib ki, bu tibb müəssisəsi 6 korpusdan ibarətdir: "Xəstəxanada Təcili tibbi yardım, Reanimasiya, iki cərrahiyyə, Onkoloji xəstəliklər, Göz xəstəlikləri, Diaqnostika, Laboratoriya, Dializ və Poliklinika şöbələri fəaliyyət göstərir. Xəstəxana tibb elminin ən son nailiyyətləri əsasında hazırlanan, dünyanın aparıcı ölkələrinin istehsalı olan və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Burada ultrasəslə müayinə, hemodializ, anesteziya avadanlığı, rentgenoqrafiya, kompüter-tomoqrafiya, laboratoriya, süni nəfəs aparatları quraşdırılıb. Xəstəxananın 100 çarpayılıq cərrahiyyə korpusu var. Rayonun mərkəzində 320 çarpayılıq terapevtik korpusu da fəaliyyət göstərir. Hazırda Şəkinin tibb müəssisələrində ümumi olaraq 620 çarpayı yeri var”.

 



O qeyd edib ki, hazırda rayonda 65 tibb müəssisəsi fəaliyyət göstərir: "Rayonun tibb ocaqlarında 238 həkim və 1 100 nəfər orta tibb işçisi çalışır. Son dövrlərdə xəstəxanaya 6 yeni həkim cəlb edilib. Bu gün gənc kadrların rayon xəstəxanalarında çalışması üçün bütün lazımi şərait yaradılıb. Şəkinin 185 min əhalisi var. Bu il ərzində rayonun tibb müəssisələrində 600 min nəfər ambulator tibbi xidmətə, 8 min nəfər isə stasionar müalicəyə cəlb olunub”.

Şəki Rayon Mərkəzi Xəstəxanasının həkim patomorfoloqu İntiqam Əmrahovun sözlərinə görə, son bir neçə ildə Şəkidə süd vəzi xərçəngi daha çox yayılıb. O bildirib ki, kişilərdə prostat və bağırsaq xərçənginə, qadınlarda isə ginekoloji problemlərə daha çox rast gəlinir: "Laboratoriyaya müraciət edən 10 qadından 8-də xərçəng xəstəliyi aşkar edirik. Azyaşlı uşaqlarda isə əksər hallarda xoşxassəli hemogemalara rast gəlinir. Müraciət edən xəstələr arasında Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Oğuz, Mingəçevir bölgələrində yaşayan sakinlər də olur. Rayon yeri olmasına baxmayaraq xərçəng xəstəliyinin son vaxtlarda artmasına səbəb kimi ekoloji faktoru, düzgün həyat tərzinə, qidalanmaya, həkim konsultasiyalarına laqeyd yanaşmada görürük”.


İ.Əmrəhov qeyd edib ki, Şəki və ətraf rayonlarda onkoloji xəstəliklərin təyin edilməsi üçün yeganə laboratoriya məhz Şəki rayon Mərkəzi Xəstəxanasında yerləşir.

 



Patositomarfologiya Laboratoriyanın yaradılmasının təşəbbüskarı olan həkim patomorfoloq İntiqam Əmrahov deyir ki, xəstəxanada onkoloji xəstəliklərin hüceyrə və toxuma səviyyəsində yoxlanılması üçün hər cür şərait var: "Bu gün hüceyrə (sitoloji) və toxunma (histaloji) səviyyəsində müxtəlif onkoloji xəstəliklərin diaqnozunun qoyulduğu yeganə laboratoriya Şəki Rayon Mərkəzi Xəstəxanasındadır. Əməliyyat zamanı orqanlarda istər onkoloji, istərsə də qeyri-onkoloji xəstəliklərin dəqiq diaqnozu bu laboratoriyada aparılır”.


Məlumata görə, regionda vərəm xəstəliyi ilə bağlı müraciətlər də kifayət qədər çoxdur. Xüsusilə Qax və Oğuz rayon sakinləri üstünlük təşkil edir. Bu da regionun rütubətli olması ilə əlaqələlidir.

 



Xəstəxananın oftalmologiya şöbəsində olan jurnalistlərə bildirilib ki, son zamanlar bölgə əhalisində qloukoma (qara su) xəstəliyinə tez-tez rast gəlinir. Məlumata görə, azyaşlı uşaqlarda daha çox refraksiya anomaliyaları, yaşlı və şəkər xəstələrində göz dibində dəyişiklik müşahidə edilir. Qocalarda isə  qlaukoma, mirvari suyu artıb.


Mediatur iştirakçıları Şəki Perinatal Mərkəzdə də vəziyyətlə tanış olublar. 


Mərkəzin direktoru Ruziyyə Hüseynova jurnalistlərə açıqlamasında deyib ki, bu ilin son 3 ayı ərzində Şəki Regional Perinental Mərkəzinin Yenidoğulmuşlar şöbəsinə 488 körpə daxil olub. Onun sözlərinə görə, onlardan 9-u əkiz olub: "Mərkəzin Yenidoğulmuşlar şöbəsində 55 körpə reanimasiyada saxlanılıb. Başqa rayonlardan (Balakən, Mingəçevir, Zaqatala, Qax, Oğuz, Qəbələ, Dəhnə kəndi) isə mərkəzə 37 anasız yenidoğulmuş gətirilib”.

 



R.Hüseynova qeyd edib ki, son 3 ay ərzində mərkəzin Doğum şöbəsində ümumilikdə 522 hamilə qeydə alınıb: "Onlardan 472 nəfəri təbii doğuş, 145 nəfəri isə qeysəriyyə üsulu ilə cərrahi doğuş keçirib”.


O həmçinin əlavə edib ki, son illər Şəkidə ana ölümü faktı qeydə alınmayıb.

 



Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib ki, bu cür mediaturlar davamlı olacaq: "Biz artıq Lerikdə olmuşuq. Növbəti mediatur Qubaya planlaşdırılır. Bütün regionlara səfər nəzərdə tutulub”.


Aygün Musayeva

Medicina.az

 





Lətifələri ilə məşhur olan şəhərin sakinləri ən çox hansı xəstəlikdən əziyyət çəkir? -  Şəki xəstəxanasından REPORTAJ