Müasir zamanda lazer epilyasiyasından həm kişilər, həm qadınlar mütəmadi istifadə edir.
“Medicina” xəbər verir ki, lazer epilyasiyasının yan təsirləri ilə bağlı müzakirələr çoxdur. Prosedurdan sonra müvəqqəti yan təsirlər meydana çıxsa da, ciddi təsirlərə çox az rast gəlinir.
Nadir hallarda lazer epilyasiyası daha ciddi nəticələrə səbəb ola bilər. Prosedur keyfiyyətsiz avadanlıqla və təcrübəsiz bir mütəxəssis tərəfindən aparılarsa, yan təsirlərin riski artır. Məsələn;
• Dərinin ümumi strukturunda dəyişikliklər. Bu yaxınlarda günəş vannası qəbul etmisinizsə, risk daha yüksəkdir.
• Çapıqlar. Bədənində yara izləri və cızıqları olan insanlarda baş verir.
• Dəridə qabıqlar. Müalicədən sonra günəş vannası qəbul etməyə başlasanız, bu təsirlər yarana bilər.
Bəs bu prosedur xərçəng xəstəliyi yarada bilərmi?
Dəriyə Qulluq Fondunun mütəxəsssilərinin sözlərinə görə, bu prosedur bəzən xərçəng öncəsi müəyyən formaları müalicə etmək üçün istifadə olunur. Epilyasiya üçün istifadə olunan lazerlər yalnız dərinin səthinə təsir edən minimum miqdarda radiasiya yaradır. Beləliklə, lazer epilyasiyası xərçəng riskini artırmır.
Hamiləlik dövründə bu prosedur tövsiyə edilmir. Çünki təhlükəsizlik barədə sübut yoxdur. Lazer epilyasiyasının sonsuzluğa səbəb olması da bir mifdir. Lazer şüaları yalnız dərinin səthinə təsir edir, radiasiya heç bir daxili orqana nüfuz edə bilməz.
Prosedurdan sonra yaranan hər hansısa simptom uzun müddət sürərsə, mütləq həkimə müraciət etmək lazımdır.
Aygün Musayeva