Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Lazer epilyasiyası bədxassəli törəmə yarada bilir – Azərbaycanlı dermatoloqdan xəbərdarlıq

  • 2018.05.30 15:58
  • 9214 Baxış
Lazer epilyasiyası bədxassəli törəmə yarada bilir –  Azərbaycanlı dermatoloqdan xəbərdarlıq
Azərbaycanda nəinki qadınlar, artıq kişilər və yeniyetmələr də bədən və üzdəki arzuolunmaz tüklərdən qurtulmaq üçün az qala hər addımbaşı təklif olunan lazer epilyasiyasına üz tutur. 


Uzun müddətdir şüa ilə tüklərin kökünün yandırılmasının onkoloji problemlərə yol açacağı haqqında miflər gəzirdi. Dermatoloq Fərhad Qarayev bu mövzuda fikrini bildirib.


Medicina.az Müsavat.com-a istinadən bildirir ki, həkim bu təhlükəni istisna etmir.


"Dərisində tünd rəngli xalları olan şəxslərə bu prosedurlar əks göstərişdir. Belə ki, həmin törəmələr bu cihazların hasil etdiyi şüaların təsirindən bəd xassəli törəmələrə çevrilə bilərlər. Lazer epilyasiyası zamanı həmin törəmələrin toxunulmazlığı təmin edilməlidir.


Bu cihazlardan ayrılan lazer enerjisi tüklər tərəfindən udulur və bu enerji yüksək istilik ayıraraq tükləri məhv edir. Burda qeyd ediləsi məqamlar nədir: demək bu enerjinin tüklər tərəfindən udulmasının səbəbi onların tünd rəngdə olmasıdır. Bunu təmin edən melanin piqmentidir. O ən çox tüklərdə olur. Lakin təkcə tüklərə deyil, elə dərimizə də rəng verən o melanin piqmentidir. Bu piqmenti çox olan insanlar, yəni rəngi tünd olan dəri bu prosedur zamanı lazer enerjisinin bir qismini udur. Və bu dərinin qızmasına, daha ağır hallarda yanıqların əmələ gəlməsinə də səbəb olur.

 

Dəri nə qədər tünd olsa, yanma ehtimalı bir o qədər artır. Bundan başqa bu prosedur düzgün həyata keçirilmədikdə dəridə tünd ləkələrin əmələ gəlməsinə və ya əksinə ağ ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Xüsusiylə prosedurdan sonra ultra-bənövşəyi şüalardan qorunmadıqda dəridə problemlər yaranır. Bu prosedur zamanı gözlərimizi qorumağı da unutmamalıyıq. Prosedur zamanı və ya sonra dəridə keçici qaşınmalar da ola bilər. Bu elə də qorxulu hal deyil. Bir neçə gün davam edən qızartılar, tük follikullarının ətrafında şişkinlik, ağrı, iynə batma hissiyyatı da ən çox gözlənilən yan təsirlərdəndir ki, bu ciddi narahatçılığa səbəb deyil. Bunlar keçicidir. Bir də epilyasiyadan sonra tövsiyyə olunur ki, həmin ərazini təmiz saxlayın.

 

Belə ki, tüklərdən azad olmuş nahiyə infeksiya üçün açıq qapı rolu oynayır. Nadir rast gəlinən hal olsa da, xanımlarımız və bəylərimiz lazer epilyasiyasından sonra ehtiyatı əldən verməsinlər”.