Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Laçında bu həkimlər çatışmır- Direktor

  • 2023.12.28 16:49
  • 1199 Baxış
Laçında bu həkimlər çatışmır - Direktor

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl hazırda Laçında pediatr və terapevt həkimlərə ehtiyac olduğunu bildirib.


"Medicina" xəbər verir ki, “Report”a açıqlamasında hazırda Laçın rayonunda daimi dörd həkim, beş orta tibb işçisinin fəaliyyət göstərdiyini bildirib.

“Laçın rayonunda ilk tibbi fəaliyyətimiz may ayında, elə ilk köç prosesi zamanı başlayıb. Onda yalnız təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyət göstərirdi. Sonra modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı.

Mərkəz fəaliyyətə başladıqdan sonra buraya işçilər götürüldü. Həkim və tibbi bacısı kollektivi orada işə başladı, hansı ki, onların arasında Laçına köçüb yaşayanlar da var. Bu yaxınlarda isə bir nəfər təcili yardım və ultrasəs müayinəsi həkimi işə götürülüb. Digər həkim kadrlara, o cümlədən pediatr və terapevtlərə ehtiyac var. Amma məsələ burasındadır ki, hələ xəstəxana hazır deyil”, - O.Cəbrayıl qeyd edib.

Direktor bildirib ki, hazırda xəstəxanada son tamamlama işləri gedir:

“Xəstəxana fəaliyyətə başladıqdan sonra cərrah, cərrah-travmatoloq, oftalmoloq, nevroloq, kardioloq, dəri-zöhrəvi və digər ixtisaslar üzrə həkimlərə ehtiyac olacaq. Müraciətlər var və onları dəyərləndirəcəyik. Müraciət olmayan ixtisas üzrə də axtarışdayıq və məqsədimiz onları bura cəlb etməkdir. Amma bütün bunlar xəstəxanada işlər yekunlaşdıqdan sonra olacaq”.