Analar üçün ən çətin mərhələlər sırasında körpəni süddən ayırmaq məsələsi durur. Bu, adətən qadınların ikinci hamiləliyi və ya hansısa xəstəlikdən müalicəsi zamanı olur.
Medicina.az "Qanun” nəşrlər evində nəşr olunan Yuliya Matyuxinanın müəllifi olduğu "Uşağınızın sağlamlığı haqqında hər şey” kitabına istinadən körpəni süddən ayırmağın ən düzgün yollarını təqdim edir:
Uşağı tədricən 10-11 aylığından başlayaraq 1 yaşına qədər süddən ayırmağa başlayırlar. Ana xəstə olanda uşağı döşdən vaxtından tez (9 aylığa qədər), ilin isti ayları başlayana qədər ayırmaq məsləhət bilinir. Uşaq xəstə olanda isə bir qədər gec, ilin isti aylarında döşdən ayırmaq məsləhətdir. Körpəni yayda, həzmdə kəskin pozğunluq, kəskin qızdırma xəstəlikləri, bəzi məişət şəraitində döşdən ayırmaq məsləhət deyil. Vaxtında və düzgün əlavə qida verilərsə onda döşdən ayırma həm ana, həm də uşaq üçün yüngül keçir. Süddən ayırma prosesi səhər əmizdirmə zamanı inək südünün verilməsi ilə başlayır. Belə südə yumşadılmış çörək və ya peçenye də qatmaq olar. Bu üsulla axşam əmizdirilmə zamanı da uşağı qidalandırmaq olar.
Laktasiyanın azalması üçün gündə 4 stəkandan artıq olmamaqla maye qəbulunu azaltmaq lazımdır. Əgər döşdə süd çoxdursa bintləmə üsuluna əl atmaq lazımdır. Bu zaman ana südünü tam sağmalı, döşünün altına və üstünə qalın pambıq qatı qoymalı və bundan sonra enli bintlə döşünü elə dartmalıdır ki, bir neçə gün açmayacağı möhkəm sarğı alınsın.
Laktasiyayaradıcı qidalardan da uzaq durmaqda fayda var. Bu dövrdə yarpız çayı və ya adaçayı yarpaqlarının dəmləməsini içmək daha yaxşıdır. Əgər bu ərəfələrdə ananın sinəsi süddən şişərsə gün ərzində bir-neçə dəfə sağa bilər.