Koronavirusdan qorunmaq məqsədilə gördüyümüz tədbirlər bəzən əks təsirini göstərir, dəri xəstəliklərinə yol açır. Spirtdən həddindən çox istifadə etdikdə dəridə zədələnmə və qurumalar başlayır.
Medicina.az xəbər verir ki, bunu Azərbaycan Dermotoloqlar Cəmiyyətinin sədri Zülfüqar Həsənoğlu pandemiya dövründə dəri xəstəliklərinin çoxalması barədə danışarkən deyib.
“Dəri qatı zədələndikcə qalınlaşma və hiperkeratoz (epidermisin soyulması) yaranır. Tibbi maskadan düzgün istifadə etməyəndə qızartı, qaşınma və səpgi müşahidə olunarsa, dərhal həkimə müraciət etməlidirlər”, - sədr xəbərdarlıq edib.
Köln Universiteti Klinikasının şöbə müdiri Nuran Abdullayev isə bildirib ki, xətəxanalara COVİD-19 diaqnozu ilə gələn xəstələrin minimum 20%-də dəri xəstəlikləri aşkarlanıb:
“Psixoloji basqının təsiri ilə insanlar əllərini lazım olduğundan qat-qat çox spirtlə təmizləyirlər. Dezinfeksiya məhlullarının tərkibindəki maddələrin təsirindən dəridə bir çox problemlər yaranır. İnsanlar bilməlidirlər ki, dəri səthi ilə koronavirusun keçməsi halına 5% rast gəlinə bilər”.
Qeyd edək ki, İspaniya həkimlərinin araşdırmasına görə, koronavirus xəstələrində bu günə qədər 5 növ dəri xəstəliyi müşahidə edilib. Amerika Dermotoloqlar Assosiasiyası virusa yoluxanlar arasında dəri xəstəliyinə tutulanların siyahısını hazırlamağa başlayıb.