Azərbaycanda kütləvi kovid peyvəndlənməsi start götürüb. Artıq gənclər, orta yaşlılar peyvənd üçün tələsir. Çünki həyatımızın bəzi sahələri kovid pasportundan asılı olub.
Ötən gün Bakıda gənc kişinin koronavirus peyvəndi olunduqdan 1 gün sonra insult səbəbindən ölməsi koronavirusun qan laxtalanması və tromb yaratması riskini bir daha gündəmə gətirdi.
ÜST, bir çox Avropa vaksinlərinin istehsalçıları vaksinin tromblaşmaya meyilli insanlar üçün riskli olduğunu bildirib. Ona görə də peyvənddən öncə pasiyentlərin trombositlərin miqdarını təhlil etməyi tövsiyə edir.
Bildiyimiz qədəri ilə poliklinkalarda və peyvənd kabinetlərində bizdə peyvənd etdirənlərin sadəcə şifahi anamnezi alınır, təzyiqi yoxlanılır və dərhal da peyvənd olunur.
Bəs əgər peyvənd olunan insanın iri damarlarında tromboz varsa, vaskulit varsa və ya qanı qatıdırsa, o zaman nə olacaq?
Medicina.az peyvənddən sonra kimlərdə tromboz riskinin olmasını araşdırıb.
Fleboloq cərrah, ağrı mütəxəssisi. tanınmış həkim Zülfüqar Yusifov məsələ ilə bağlı açıqlamasında bəzi risk qrupunda olan xəstələri açıqlayıb.
Hansı qrup insanlar peyvənddən öncə qanının vəziyyətini yoxlamalıdır?
“Bu məsələ çox aktual məsələdir. Həqiqətən də kovid peyvəndlərinin qanın koaqulyasiya sisteminə, yəni laxtalanmaya müəyyən qədər təsiri vardır. Çünki peyvəndləmə çox xəfif şəkildə koronavirusun keçirilməsi deməkdir.
Amma burda hər peyvənd olunandan kütləvi olaraq qanın laxtalanması, tromba görə analizlər götürmək də mümkün deyil, trombozdan şübhələnmək doğru yanaşma deyil.
Risk qrupuna aid olan insanlar var ki, onlar peyvənddən öncə yoxlanmalı və ciddi nəzarətdə olmalıdırlar. Onlar tromboz keçirmiş xəstələr, damarlarında flebit deyilən iltihabi xəstəliyi olanlar, qanında qatılaşma olanlar və tromb əleyhinə dərmanlarla yaşayanlar, ayaqlarında ciddi varikoz problemi olanlar, yanaşı digər yüksək təzyiq, şəkərli diabet, immun sistem xəstəlikləri olanların öncədən bəzi müayinələrdən keçirilməsi yaxşı olardı.
Qan təhlillərindən laxtalanma faktoru, İNR deyilən analiz, D dimer – tromb əmələ gəlməyə meyili göstərən qan analizlərinin verilməsi məqsədəuyğundur.
O insanlarda ki,ayaqlarında şişkinlik, qızartı var, xüsusən bir tərəfli şişkinlik var, onların fleboloq tərəfindən dopler olunması yaxşı olardı.
Əgər bunu peyvənd edərkən etmirlərsə, xəstə özü öncədən etdirə bilər.
Amma ucdantutma hamının bu analizləri verməsinə gərək yoxdur. Problemi olmayan insanda vaksin tromboz, tromb yaratmır”.