“Yenidoğulan körpə ən qısa zamanda, yəni doğumdan təxminən yarım saat sonra ana südü qəbul etməlidir. Çünki sonrakı dövrdə körpənin yuxusu başlayır”.
Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
O qeyd edib ki, ana südünün körpə sağlamlığı üçün rolu böyükdür: “İlk qəbul edilən süd daha vacibdir. Sevindirici haldır ki, Azərbaycanda təbii doğuşlara üstünlük verilir. Qeysəriyyə əməliyyatı ilə doğuş hallarına da rast gəlinir və bu da həkim məsləhəti ilə icra edilməlidir. Qeysəriyyə vasitəsilə doğulan körpə süd əmməyə gec meyil göstərir. Ancaq bu südün az olması demək deyil. Analar südünün çatmayacağını düşünəndə problemlər meydana çıxır”.