Yeni bir araşdırma, ananın hamiləlik dövründə yediyi qidaların körpənin üz cizgilərinin formalaşmasında böyük rol oynadığını üzə çıxarıb.
Medicina.az xəbər verir ki, alimlər burnun böyük olmasının səbəbinin ananın yedikləri ilə əlaqəli ola biləcəyini açıqlayıblar.
Elm adamları insanların üz cizgilərindəki fərqlərin səbəbinin ananın hamilə olarkən yediyi qidalarla əlaqəli olduğu fikrinə gəliblər. Belə ki, zülalla zəngin qidalanmaq burun və çənənin daha geniş olmasına gətirib çıxarır. İnsanların görünüşünü müəyyən edən kəllə formasındakı, eləcə də burundakı sümükdə olan incə fərqlər ana bətnində qidalanma ilə bağlı genlər tərəfindən yaradılır.
Hamiləlik dövründə nə qədər çox zülal istehlak edilərsə, "mTORC1" adlanan bu genlər bir o qədər aktiv olur.
Tədqiqatçılar deyirlər ki, bu gen burnun uzunluğunu və burun dəliklərinin genişliyini, yanaqların formasını və çənənin çıxıntısını tənzimləyir.Ananın zülallı qidaları daha az yeməsi üzün daha incə olmasına və daha sivri üz cizgilərinə səbəb ola bilər.
“Biz ananın qida rasionunda olan zülal səviyyəsinin “mTORC1”in fəaliyyətini tənzimlədiyini aşkar etdik ki, bu da embrionların üz cizgilərində incə, lakin əhəmiyyətli dəyişikliklərə səbəb olur. Bu vəziyyət müxtəlif üz cizgilərindən ibarət “spektr" yaradır", - deyə tədqiqatçılar bildiriblər.
Tədqiqat zamanı hamilə siçanlar və balıqlara fərqli pəhrizlər tətbiq edilib və nəticədə bunun onların bətnindəki "mTORC1" siqnalını dəyişdiyi, onların nəslinə fərqli üz cizgiləri verdiyi müəyyən edilib. Bəzi balıq növlərində anaları az zülal qəbul edən balaların burunlarının daha uzun və incə olduğu müşahidə edilib. Bu hal qida maddələrinin səviyyəsinin aşağı olduğu ərazilərdə qida axtararkən balalara üstünlük verir.
Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Aysel