Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Körpələrə bu qidaları vermək olmaz

  • 2021.09.16 15:40
  • 2973 Baxış
Körpələrə bu qidaları vermək olmaz

Körpələrin qidalanması barədə bir çox yanlışlara yol verilir. Ailələrdə çox erkən dövrlərdən başlayaraq uşaqları əlavə qidalara alışdırmağa çalışırlar. Böyüklər öz yedikləri yeməyi körpələrə də veririr, bunun faydalı olduğunu düşünürlər. Halbuki mütəxəssislər müəyyən dövrə qədər körpələrə əlavə qidaların verilməsinin ziyanlı olduğunu vurğulayırlar.


"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı hazırladığı materialı təqdim edirik.

Bu tövsiyələr 60000-dən çox həkim-mütəxəssisin üzv olduğu Amerikan Pediatriya Akademiyası tərəfindən verilib.

- Körpənizə bal verməyin. Bununla əlaqədar körpələrdə botulizm halları baş verə bilər.

- Çox yedizdirməyin. Körpə başını çevirdikdə və ya qidaya maraq göstərmədikdə yedizdirməni dayandırın.

- Taxıl məhsulları və digər əlavə qidaları vermək üçün qaşıqdan istifadə edin. Dənli məhsulları butulkadan verməyin.

- İlk dörd ay sadəcə, ana südü və ya süni qidadan istifadə edin və bu dövrdə qatı qida verməyin.

- Körpənizə bir yaşına qədər heyvani südlər verməyin. Ana südü və ya süni süd qarışığı (yaşına uyğun) verin.

- Körpənin yeməyinə duz və ya şəkər əlavə etməyin. Qidaların qutularındakı məlumatları oxuyun, duz və şəkər əlavə edilmiş hazır qidalardan qaçın.

- Körpənizə tərəvəz və meyvə verməyə başlarkən həftədə sadəcə tək bir qida əlavə edin (ilk həftə qabaq, ikinci həftə qabaq və/və ya yerkökü).

- Körpənizə şəkərləmə, qazlı içkilər, meyvə nektarı, dadlandırılmış taxıllı məhsullar verməyin.

- Körpənizə hazır qarışıq qidalar verməyin. Bunların nişasta, su və duz miqdarı yüksək olur.

- Körpəni meyvədən öncə tərəvəzlə tanış edin. Beləcə meyvənin şirin dadına alışıb tərəvəz yeməkdən imtina etməyəcək.

- Qidaların üzərində yazılan miqdarlar orta rəqəmlərdir. Körpəniz daha çox və ya az yesə, həyəcan keçirməyin.