Bundan başqa bəzən körpələr sünnət dərisi səbəbindən sidiyə çıxmaqda çətinlik çəkirlər. Bu zaman analar dərini sıyıraraq açmağa çalışırlar. Bu tamamilə yalnışdır.
Son zamanlarda uşaqlar arasında uroloji problemlər artmaqdadır. Bu problemlər siyahısında anadangəlmə xəstəliklərdən əlavə sonradan qazanılan xəsəliklər də kifayət qədərdir. Bəzən valideynlərin səhlənkarlıqları ucbatından uşaqlarda müşahidə edilən uroloji problemlər vaxtında aradan qaldırılmayaraq gələcəkdə daha ciddi xəstəliklərə gətirib çıxarır. Bir çox hallarda isə valideynlər həkimə ümumiyyətlə müraciət etməyərək, türkəçarə üsullarla özünümüalicə ilə məşğul olurlar.
Bəs görəsən uşaq orqanizmi üçün özünü müalicənin bir zərəri varmı? Valideynlər daha çox hansı sovetdən qalma metodladan istifadə edirlər?
Medicina.az –ın suallarını uşaq uroloqu Pərviz Hacıyev cavablandırıb.
"Azərbaycanda uşaqlar arasında ən çox yayılan anadangəlmə uroloji problemlərdən biri enməmiş xaya və ya başqa sözlə kriptorxizmdir. Bu problem yenidoğulmuş körpələrin təxmini 3%də görülür. Bəzən enməmiş xaya 6 ayina kimi enə bilir. Yəni xayalar xaya kisəsinə düşür. Bəzən isə xayaların biri və ya hər ikisinin kisəyə enməsi üçün cərrahi müdaxiləyə ehtiyac olur. Bu cür əməliyyat yaxşı olar ki, 6 ay ilə 1 yaş arasında həyata keçirilsin. Çünki gecikdikdə və vaxtında həkimə müraciət edilmədikdə, xayalar bədən temperaturunun təsirindən zərər görür və inkişafdan qalır.
Bu isə gələcəkdə həmin insanın sonsuzluqdan əziyyət çəkəcəyindən xəbər verir. Həmçinin burda yaranan digər bir təhlükə də xayanın bədəndə qalaraq sonradan bədxassəli şişə çevrilməsidir. Bu baş verməsin deyə funksiyasını itirmiş xayalar vaxtında orqanzmdən kənarlaşdırılmalıdır. Daha əvvəllər xayalar kisəyə vaxtında enmədikdə bir müddət gözlənilirdi və paralel olaraq hormon terapiyası vasitəsilə müalicə edilirdi. Bu zaman hətta uşağan 5 - 7 yaşına qədər müdaxilə edilmirdi. Lakin son zamanlar bu müalicə üsulunun az təsirli olduğu və hətta xayaya pis təsir etdiyi üçün tətbiq olunmur.
Digər çox yayılan anadangəlmə xəstəliklərdən biri isə hipospadiya, yəni sidik kanalının penisin ucundan deyil kənarda yerləşməsidir. Bu anadangəlmə problem də təcili cərrahi müdaxilə tələb edir. Belə uşaqları da 6 ay -18 ay arasnda əməliyyat etmək lazımdır.
Təəssüflər olsun ki, bizim analarımız, nənələrimiz keçmiş zamanlardan uroloji problem yaranan kimi həmin şəxsi həkimə aparmaq yerinə türkçarə metodlara müraciət edirlər. Məsələn böyrəkləri ağrıyan və ya sidiyə çıxmaqda çətinlik yaşayan uşaqlara problemin səbəbini bilmədən aptekdən aldıqları sidikqovucu dəmləmələr verirlər. Bu isə uşaq orqanzimi üçün çox təhlükəlidir. Çünki apteklərdə hazır bağlamalarda satılan bu çayların tərkibində çox zaman nələrin olduğunu bilmirik. Bu çayların qəbulu uşağın yaşına və kilosuna görə dəyişir. Ona görə də həkim məsləhəti olmadan, bu dəmləmələrdən istifadə etmək bir sıra fəsadlara yol aça bilər. Buna görə də toz və çay şəklində satılan sidikqovucu dəmləmələrdən istifadə etməyi qətiyyən məsləhət görmürük.
Analar sünnət dərisini sıyırmasın
Bundan başqa bəzən körpələr sünnət dərisi səbəbindən sidiyə çıxmaqda çətinlik çəkirlər. Bu zaman analar dərini sıyıraraq açmağa çalışırlar. Bu tamamilə yalnışdır. Həkimlər bunu heç zaman məsləhət görmürlər. Hər səfə sünnət dərisini sıyırmağa çalışdıqda dəridə mikroçatlar əmələ gəlir. Nəticədə bu çatlara və hətta cinsi orqanın özünə infeksiya keçmə ehtimalı var.
Bəzən deyirlər ki, sünnət dərisinin ucunda çirk və ya duz yığılır ki bu yolla dəri təmizlənir. Əslində bu fikir səhvdir. Onun ucunda yığılan ağımtıl maddə yağ ifrazatı və ölü hüceyrələrdir. Bu maddənin isə heç bir zərəri yoxdur. Uşaq böyüdükcə sünnət dərisi öz-özündən açılır və sidiyə getdikcə oradakı yığıntılar təmizlənir.
Çox nadir hallarda olur ki, sünnət dərisi çox dar olur ki, bu zaman uşaq sidiyə ümumiyyətlə çıxa bilmir. Sünnət dərisinin ucu qızarır və şişir. Belə halda həmin uşağı sünnət etmək ən yaxşı çıxış yoludur. Digər bütün hallarda isə sünnət dərisi ilə oynamaq məsləhət deyil".
ARZU
Medicina.az