Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Koronavirusun ikinci dalğası başlayır” xəbərdarlığı

  • 2020.05.13 10:06
  • 3692 Baxış
“Koronavirusun ikinci dalğası başlayır” xəbərdarlığı

Dünyanın bir çox ölkələrində koronavirus pandemiyasının ikinci dalğası başlayır. Bunun səbəbi kimi bildirilir ki, insanlar sosial məsafə saxlamayıb, qaydalara əməl etmirlər. Eyni zamanda bir çox tibb sahəsi üzrə alimlər bildirirlər ki, bu, gözlənilən idi. Çünki evdə qalan insanların immunitet sistemi zəifləyib və onlar bu kimi viruslara dözümsüz hala gəliblər...

Biz bu materialı hazırlayan zaman dünyada artıq 4 milyon 269 min 705 nəfər koronavirusa yoluxub, 287 min 529 nəfər isə bu virusdan dünyasını dəyişib. Siyahının başında ABŞ gəlir. Mayın 11-də ABŞ-da bu virusa 18 min 196 nəfər yoluxub, 1008 nəfər isə ölüb. ABŞ-da durumu dəyərləndirənlər hesab edirlər ki, bu ölkədə bəzi ştatlarda virus yeni yayılır, bəzilərində isə artım tempi davam edir. Yəni hesab edilmir ki, ABŞ-da ikinci dalğa yaşanır. Çünki artıq bir aya yaxındır ki, bu ölkədə yoluxanların sayı hər gün demək olar ki, eyni olur.

Hazırda diqqətlər koronavirusun beşiyi sayılan Çinədir. Çünki Çində bu virus yenidən alovlana bilər. Ötən günlərdə Çində yoluxma 2 nəfərdən yuxarı olmasa da, mayın 11-də bu, 17 nəfərə qədər yüksəlib. Avropa Komissiyasının nümayəndəsi də deyib ki, üzv ölkələr yeni koronavirus (COVID-19) infeksiyasının mümkün ikinci dalğasının başlamasına hazırlaşmalıdırlar. Ümumdünya Səhiyyə Təşkilatı isə əvvəllər də olduğu kimi karantin məhdudiyyətlərini yumşaldan ölkələrə xəbərdarlıq edir və bunun ciddi problemlər gətirəcəyini bildirirlər. Lakin görünən budur ki, artıq virusla bağlı bəzi bilgilər var deyə, hökumətlərdə arxayınlıqlar yaranıb, əvvəlki təlaş yoxdur.



Yəni həkimlər bildirirlər ki, əslində koronavirusa yoluxan sağlam insanlar bunu hiss etməyəcək səviyyədə keçirirlər. Problemi olan şəxsləri isə bu virus ölümə aparır. Aydındır ki, uzun müddət karantin ola bilməz. O baxımdan belə fikirlər də səsləndirilir ki, dünya əhalisi vaksin tapılana qədər bu virusla yaşamağa öyrəşməlidir. Vaksinin isə tapılacağına ümidlər çox deyil. Çünki koronavirusun yeni növü tez-tez mutasiyaya uğrayır və hesab edilir ki, tapılan vaksin qısa müddət sonra faydasız ola bilər...

Azərbaycanda da durum əvvəlki ongünlüklə müqayisədə pisə doğru dəyişib. Son günlərdə yoluxma sayında artım var. Lakin əhali arasında təlaş, ehtiyatlı davranma o qədər də sezilmir. Mağazalar, avtobuslar, metro qatarları dolu olur. İnsanlar küçələrdən yığışmır, həyətlərində samovar qalayıb, oyun oynayırlar.



Adil Qeybulla

Bəs proses hara aparır?

“Yeni Müsavat”a danışan professor Adil Qeybulla bildirib ki, Azərbaycandakı indiki durumun yaranmasının səbəbi insanların karantin qaydalarına əməl etməmələri ilə bağlıdır: “Yəni SMS-lə icazələrdən sonra insanlar tamamilə karantin qaydalarından uzaqlaşdılar. Həyətdə domino oynayırlar, çay içirlər və sairə. Məhəllələrdə baxırsan ki, həyətlər doludur. Qonşuların hamısı bir yerə yığışır, söhbət edirlər, çay içirlər. Deməli, liftlə qalxıb-düşənlər də artır. ABŞ-da liftdən yoluxma faktları xeyli çoxdur. Bunu onlar araşdırıb və belə nəticəyə gəliblər. İnsanların bu xəstəliyi iqnor etməsi təhlükə gətirir. Xüsusilə də karantin rejiminin yumşaldılmasından sonra qaydalara əməl etmirlər. Biz yeni yoluxma dalğasını az müddət sonra müşahidə edəcəyik. İnsanlar məsələni ciddiyə almır, sosial məsafə saxlamır, maska taxmırlar. Bunlar isə ikinci dalğa deyilən yoluxmada rol oynadı. Bəli, indiki durumu ikinci dalğa da adlandırmaq olar. Çünki yayılma coğrafiyası və intensivliyi bunu deməyə imkan verir. Kollektiv immunitet deyilən bir anlayış var. Bu, formalaşmayıb. Karantin tədbirləri o zamana qədər davam etməlidir ki, virus tamamilə yoxa çıxsın. Yəni ən azından karantini o vaxta qədər davam etdirmək lazımdır ki, konkret dərmanlar tapılsın. Yumşalma olsa belə, karantin davranışlarını dəyişmək olmaz. Sosial həyat aktivləşsə belə, insanlar məsafə saxlamalı, maska ilə gəzməli, əlləri dezinfeksiya etməlidirlər. Bunlara əməl edilməsi əsas şərtdir. Biz hər il dünyada bu cür pis sürprizlərlə üzləşə bilərik”.

Vaksinin tapılması məsələsinə gəlincə isə professor bunları söyləyib: “Vaksinin hazırlanması ilə bağlı çox intensiv iş gedir. Lakin vaksinin hazırlanması prosesi uzun müddət alır. Vaksin klinik təcrübələrdən keçməli, effektivliyinə əminlik yaranmalı, kütləvi istehsal olmalıdır və sairə. Dərman preparatları da hazırlanır. Bunların da klinik təlimatı üçün müəyyən zaman lazımdır. Ən azından həmin zamana qədər müalicə vasitələri var. Karantin tədbirlərinə bu ərəfədə üstünlük vermək lazımdır. Bundan əlavə, fəaliyyətinə icazə verilən obyektlər üçün təlimat hazırlanmalı idi. Yəni içəridəki fəaliyyət, daxil olanların sayı, əllərin dezinfeksiyası və sairə kimi məsələlər aydın olmalı, nəzarət edilməli idi. Ancaq müşahidə edirəm ki, banklarda növbə, mağazalarda növbə yaşanır. Sanki dünyada belə bir hadisə yaşanmır və bu virus heç yoxmuş kimi davranırlar. Bütün bunlar isə ikinci dalğanı ağır edə bilər. COVİD-19 sürətlə yayılır və bu, ciddi problemlərə yol aça bilər. Ona görə də insanlar özlərini qorumalı, deyilənlərə əməl etməlidirlər”.