Amerika Oftalmoloqlar Akademiyasının araşdırmalarına əsasən. koronavirus xəstəliyi (COVİD-19) yalnız ağciyər, ürək və damar sistemini deyil, eyni zamanda gözləri də zədələyərək, viral konyunktivit adlı xəstəlik yarada bilir.
Medicina.az tanınmış oftalmoloq, Amerika Oftalmoloqlar Akademiyasının üzvü Günel Xalıqverdiyevanın koronavirusun gözlərdə əsas əlamətləri və necə qorunmaq barədə geniş açıqlamasını təqdim edir:
“ Virus yoluxması gözlərdə 3 əsas əlamətlə özünü biruzə verir: qızartı, sulanma və yaş axma.
Lakin bu əlamətlər yalnız COVİD-19 xəstəliyi ilə bağlı yaranmayaraq, digər göz xəstəliklərinin də ilkin əlaməti ola bilər. Xoşbəxtlikdən koronavirus xəstəliyinə yoluxan insanların yalnız 1-3 %-də qırmızı göz əlamətləri müşahidə olunmuşdur.
Pandemiya dövründə xəstəliyin yoluxmasının azalması və gözlərinizin qeydinə qala bilmək üçün bəzi qaydalara mütləq riayət olunmalıdır.
Gözlərinizi ovmayın!
Dezinfeksiya olunmamış (ən az 60%-li spirt, dezinfeksiyaedici məhlul) çirkli əllərinizlə gözlərinizə toxunmayın!
Havada və ya əşyalar üzərində olan virus hissəcikləri əlinizdən gözün selikli qışasına keçərək xəstəliyin yoluxma riskini artıra bilər.
Optik linzaların istifadəsindən imtina edin!
Görmə qabiliyyətinin artırılması üçün yalnız optik eynəklərə üstünlük vermək məsləhətdir.
Qoruyucu eynəklərdən istifadə edin!
Xüsusilə insanların daha çox kütləvi olduğu yerlərdə (xüsusilə market və s.) qoruyucu eynək istifadəsi tövsiyyə olunur. 100 faizli qorunma yaratmasa belə gözünüzə düşə bilən virus hissəciklərinin xeyli hissəsinin qarşısı alınmış olur.
Acıq hava şəraitində və insanlarla sıx təmasın olmadığı məkanlarda qoruyucu eynək istifadə etməyinizə ehtiyac yoxdur.
Göz damlalarının istifadəsindən öncə mütləq əllərinizi
20 saniyə ərzində sabun və bol su ilə yuyun!
Xüsusilə də quru göz sindromu, qlaukoma, uveit, koyunktivit, diabetik retinopatiya və s. xəstəliklərindən əziyyət çəkən insanlar gözlərinə davamlı olaraq dərman tökmək məcburiyyətindədirlər. Onlar əllərinin sterilliyinə xüsusi fikir verməlidirlər.
Gözünüzdə virus konyunktivitinin əlamətlərini qızartı, sulanma, yaşaxma hiss etdiyiniz zaman panika etməyin və həkiminizlə əlaqə yaradın. O, sizə nə etməli olduğunuzu deyəcək!