Koronavirus sürətlə yoluxan, amma gec sağalan xəstəlik kimi tibb tarixinə düşdü. O qrip kimi deyil. 1 həftə qızdırmadan yatdın, burnun axdı, dərman içdi, hər şey bitdi, qayıtdın işinə.
Medicina.az xəbər verir ki, indi dünyada milyonlarla insan koronavirus sonrası dövrdən şikayətlənir, müxtəlif fəsadlarla mübarizə aparır.
Koronavirus özü 21-30 gün ərzində sağalır. Amma ondan sonra reabilitasiya dövrü gəlir. İnsanlar əbəs yerə bu dövrü nəzərə almır. Elə bilirlər ki, sadəcə gözləməklə düzələcəklər.
Aparılan sorğular göstərib ki, koronavirusdan sağalanlar ilk 2 ayda işə qayıtmaqda və əvvəlki tempdə işləməkdə çətinlik çəkiblər.
Altay xəstəxanasının kardioloqu Anna Yefrenuşkina bildirib ki, yüngül və orta ağır xəstələr ən azı 3 aya bərpa olurlar.
Xəstələr uzun müddət döş qəfəsində ağrı, əzələlərdə gücsüzlük, qəribə halsızlıq, tez yorulma, nevroloji problemlər hiss edirlər. Onlar uzun yol gedəndə, bir qədər iş gördükdə yorulurlar.
Ona görə xəstələrə iş yerinə və yükünə tədricən qayıtmaq tövsiyə olunur. Əvvəlcə işdə yarım gün işləmək, daha sonralar tam iş gününə keçmək lazımdır.
Koronavirus təkcə ağciyərləri zədələmir. O birinci ürək, qan damarları, beyinin düşmənidir. Həkimlər deyir ki, COVİD endotellərin xəstəliyidir. Endotel damarların daxili qatında olan nazik hüceyrə qatıdır.
Virus bu endotellərə daxil olub, orda iltihab yaradır.
Endotellərin sağalması isə uzun müddət çəkir.
Bəs koronavirusun reabilitasiyası zamanı hansı dərmandan istifadə olunmalıdır?
Təəssüf ki, möcüzə, tək dərman yoxdur. Ümumiyyətlə, konkret sxem də yoxdur. Koronavirus zamanı istifadə olunan dərmanlardan ancaq pananqin, aspirin, kardio maqnil, vitaminlər bu dövrdə həkim təyinatı ilə yazıla bilər.
Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.