“Hindistan ştammının yoluxuculuq qabiliyyəti hələ tam olaraq öyrənilməyib. Ona görə də indiki halda bu ştammın sürətli yayılıb-yayılmayacağı ilə bağlı dəqiq şəkildə nəsə demək olmur. Ancaq ümumi olaraq görünən odur ki, Hindistan ştammı təhlükəlidir. Çünki hazırda Hindistanda yoluxma sayı dünyadakı bütün yoluxmaların yarısına bərabərdir, orada xəstələnmə və ölüm halları rekord həddə çatıb. Bu isə onu deməyə əsas verir ki, Hindistan ştammının yoluxuculuq qabiliyyəti həddindən artıq yüksəkdir”.
Medicina.az xəbər verir ki, bu fikirləri Publika.az -a Azərbaycan Həkimləri İctimai Birliyinin İdarə Heyətinin üzvü Ədalət Rüstəm deyib.
Həkim bildirib ki, əgər hind ştammının müalicə metodları və diaqnostika üsulları düzgün öyrənilərək tətbiq olunarsa, ölüm halı çox olmaz:
“Görünən odur ki, Hindistan ştammının digərlərindən fərqi yolxuculuq qabiliyyətinin və kantegiozluğunun çox olmasındadır. Ümumiyyətlə, bütün mutant viruslarda yoluxanlar xəstəliyi ağır keçirirlər. Hindistan ştammının Rusiyada, Türkiyədə də olduğu deyilir. Qonşu ölkələrdə varsa, yüz faiz bizdə də var. Sadəcə hələ ki, bu mutant virusla bağlı ölkəmizə diaqnostik testlər gətirilməyib, ona görə də indiki halda təyin edilmir. Onun ayrıca testləri var, onlar alınmalı və yoxlanılmalıdır”.
Ə.Rüstəmin sözlərinə görə, hər ştammın özünü xüsusi diaqnostik testləri və reaktivləri var. Xəstələnən şəxsin hansı ştamma yoluxması da həmin reaktivlərlə və labarator qaydada xüsusi müayinələrlə aşkar olunur.
Bildirilir ki, Hindistan ştammının sürətlə yayılması dünyada dördüncü dalğaya səbəb olacaq. Həkimin fikrincə isə, Azərbaycanda hələ də birinci dalğa hökm sürür:
“Bizdə hələ heç birinci dalğa bitməyib. Birinci dalğanın bitməsi üçün gündəlik yoluxma sayı 3-4 nəfər olmalıdır. Yəni yoluxma bir rəqəmliyə düşməlidir. Bundan sonra isə yenidən qalxmalıdır. Ölkəmizdə isə bu hal olmayıb. Bizdə hazırda birinci dalğadır ki, davam edir və artır-azalır”.
Ə.Rüstəm qeyd edib ki, hazırkı vəziyyətdə vaksinasiya prosesi sürətlə davam etdirilməlidir:
“Bizdə vaksinasiyanın sürəti qonşu ölkələrdən xeyli yüksəkdir. MDB-də də vaksinasiya prosesi ən yüksək səviyyədə və sürətli şəkildə məhz bizdə aparılır. Bu, çox sevindiricidir. Təklif edərdim ki, vətəndaşın yaşayış yerindən asılı olmayaraq, bütün istəyənlərə dərhal vaksin vurulmalıdır. Yaxın dövr ərzində peyvəndlənməni tez bitirsək, hər şey yaxşı olacaq. Yayın sonuna, heç olmasa ilin sonuna qədər vaksinasiyanı tamamlamalıyıq”.
Bu Azərbaycanda dunyada hələ ortaya çıxmayan ştamplar var Məsələn Yalan ştampı