Yeni növ koronavirusun Cənubi Afrika ştammları Britaniya ştammları ilə müqayisədə antikorlara qarşı daha yaxşı müqavimət göstərir.
Medicina.az “Report”a istinadən xəbər verir ki, bu, tədqiqatlarının təsvirini “bioRxiv”də dərc edən fransalı molekulyar bioloqların gəldiyi qənaətdir.
“Təcrübələrimiz göstərdi ki, COVID-19 keçirmiş insanların antikorları Britaniya ştammını təsirsiz hala gətirdi. Amma virusun Cənubi Afrika versiyası daha problemli çıxıb: xəstəlik keçirmiş insanların plazmasının əhəmiyyətli hissəsi ona qarşı az təsirli və ya tam təsirsiz olub”, - tədqiqatçılar yazıb.
Yeni növ koronavirusun daha yoluxucu Britaniya versiyasının ortaya çıxması ötən il dekabrın ortalarında məlum olub. Müşahidələr göstərir ki, Britaniya ştammı digər SARS-CoV-2 növlərindən təxminən 1,7-2 dəfə daha tez yayılır. Virusun mutasiya olunmuş versiyası artıq Avropa və Asiyanın bəzi ölkələrinə nüfuz etməyi bacarıb. Alimlər Braziliya və Cənubi Afrikada da oxşar mutasiya dəsti olan ştammlar aşkarlayıblar.
Fransanın Paster İnstitutunun alimi Olivye Şvartsın rəhbərlik etdiyi mütəxəssislər qrupu oxşar koronavirus variantlarına dair yeni araşdırmada antikorların Britaniya və Cənubi Afrika ştammlarına fərqli təsir göstərdiklərini müəyyənləşdirib.
Araşdırma əsnasında alimlər COVID-19 xəstəsi olmuş və artıq sağalan Orleanın 83 sakinindən alınmış qan plazması ilə təcrübələr aparıblar. Alimlər onlardan alınmış qan nümunələrindən əldə etdikləri antikorların koronavirusun Britaniya və Cənubi Afrika ştammlarına qarşı necə “rəftar edəcəklərini” izləyib.
Məlum olub ki, antikorlar SARS-CoV-2-nin bütün növ müxtəlifliyi ilə bağlana bilir. Lakin bunun effektivliyi çox fərqli olub. Bu, xüsusən neytrallaşdırıcı molekulların aşağı konsentrasiyasında özünü göstərib. O cümlədən antikorlar koronavirusun Britaniya versiyasını, demək olar, klassik D614G ştammında olduğu kimi təsirsiz hala gətirib: 83 hadisədən 79-da antikorlar infeksiyanı məhz edib. Lakin koronavirusun Cənubi Afrika variantında antikorlar yalnız 40 % hallarda infeksiyanın öhdəsindən gəlib.
Bənzər vəziyyət “Pfizer” peyvəndi vurulmuş 20 fransalıdan alınan qan nümunələrində də müşahidə edilib. Peyvənddən sonra ortaya çıxan antikorlar Britaniya ştammını adi növ müxtəlifliyində olduğu kimi məhv edib, lakin Cənubi Afrika ştammına qarşı hüceyrələr heç də həmişə virusdan qoruna bilməyib.
Eyni zamanda peyvənd hər iki ştammın insanın burnunun selikli qişasına nüfuz etməsinə və hüceyrələrində çoxalmasına mane olmayıb.