Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusla bağlı qaranlıq məqam: niyə xəstələr aparata taxılsa da sağ qalmır? – Nevroloqdan İZAH

  • 2020.08.03 13:53
  • 17101 Baxış
Koronavirusla bağlı qaranlıq məqam: niyə xəstələr aparata taxılsa da sağ qalmır?  – Nevroloqdan İZAH
"Canı ilə əlləşən xəstənin bədəninə bu toksiki maddələrin yeridilməsinə nə ehtiyac var?"

Yəqin ki, bu kimi suallar hamınızı düşündürüb. Maska qoruyur, yoxsa qorumur? Virus necə yayılır ki, xəstə adamla ünsiyyətdə olmaya-olmaya yoluxuruq? Koronavirusun dərmanı yoxdur, bəs niyə bir ucdan bahalı dərmanlar satılır?


Xəstə süni tənəffüs cihazına qoşulur, hər cür yardım edilir, amma qəfildən vəfat edir.

Medicina.az hərbi həkim, nevroloq Mirzə Qaraşovun bu kimi suallara verdiyi cavabları təqdim edir.

Onun fikirləri koronavirus xəstələri ilə çalışan həkimlər üçün ipucu ola bilər.





“Koronavirus pandemiyası başlayandan bir neçə anlaya bilmədiyim məsələ ortaya çıxdı. İnfeksiyanın hava-damcı yolu ilə yayıldığı deyilsə də, maskadan çox əllərin və üzün dəfələrlə yuyulmasından danışılırdı. Elə bil söhbət hava-damcı infeksiyasından çox, alimentar yolla yayılan, çirkli əllərin xəstəlikləri hesab olunan bir infeksiyadan gedirdi. İnfeksiyanın gözün selikli qişalarından da yoluxduğunu dedilər. Heç bu da ağlıma batmadı. Mütəmadi sulanan göz yuvasından infeksiyanın yoluxması mümkünsüz görünür.

Başqa hava-damcı infeksiyalarında gözün selikli qişaları söhbətini eşitməmişdim. İnfeksiya yeni idi. Bilmirdik özünü necə aparacaq, kimdə hansı sürətlə başlayacaq, inkişaf edəcək.

Qəribəsi də bu idi ki, ÜST bu infeksiyaya qarşı heç bir etiotrop təsir edən dərman maddəsinin olmadığını bəyan etsə də, bazara çoxsaylı antiviral preparatlar çıxardılar.

Hətta "Remdesevir" xaric, bütün antiviral preparatların effektsiz olması haqqında danışısa da, bu preparatlar Azərbaycanda geninə-boluna istifadə olunur. Görəsən niyə? Axı bu preparatlar kifayət qədər toksikidirlər.
Canı ilə əlləşən xəstənin bədəninə bu toksiki maddələrin yeridilməsinə nə ehtiyac var? Bu preparatların effektsizliyini çoxsaylı tədqiqatlarla bir daha sübut etməkmi istəyirik?

Çox istəyərdim, bu sualıma ağlabatan bir cavab verəydilər. Hətta mən "Remdesevir"in də effektinə inanmıram. "Remdesevir" Amerikada çox işlənilir. Ölüm faizi də kifayət qədər yüksək qalıb. Bəlkə Hindistandan nümunə götürməyə çalışaq? Hər halda, əhali sayının çoxluğuna, səhiyyənin səviyyəsinin ABŞ-dan qat-qat aşağı olmasına baxmayaraq, ölüm faizi daha aşağıdır.

Almaniyadan nümunə götürmək olardı. Amma ola bilsin ki, vəziyyət Almaniyada səviyyədən çox, insanların özünün bu problemə münasibətindən və məmurların öz işlərinə yanaşma məsuliyyətindən daha çox asılı idi. Hər bir alman infeksiyanın olmasına inandı.

Azərbaycanda heç bir həkimin öz fikri olmamalıdır qanunu hökm sürür!

Azərbaycan səhiyyəsində son illər formalaşmaqda olan bir fikir də məni narahat edir. "Heç bir həkimin öz fikri olmamalıdır. Hər bir həkimin əvəzinə hər şeyi fikirləşiblər və protokollaşdırıblar.Hər həkimin öz fikri olsa, təbabətdə xaos yaranar".

Kerning az qala iki əsr bundan əvvəl meningitin diaqnostikasında mühüm rol oynayan bir simptom müşahidə etdi və tarixə düşdü. Onun bu müşahidəsindən bütün bəşəriyyət istifadə etdi. Brudzinski də onun kimi…

Təsəvvür edin ki, o həkimlər bu gün yaşasaydı, nə olardı? Onlar müşahidələrini yazmasaydılar, deməsəydilər, nə olardı? Bəziləri çıxıb deyə bilərki, o həkimlər getdilər arxivə. Düzgün diaqnostika üçün Spinal punksiya lazımdır. Bəlkə bu spinal punksiya üçün heç şərait yoxdur, bəlkə bunu tibbi personal bacarmır ?İnfeksiya yayılandan xəstələrin ağciyər fibrozundan ölməsindən danışılırdı. Qəribəsi odur ki,patoloqoanatomik təşrihlər üzə çıxarılmadı. Görəsən niyə?


Azərbaycanda qəribə bir hadisə də baş verdi. Bəhram Bağırzadə ECMO-ya qoşuldu. Sağ qaldı. Bunu total fibrozla heç cür izah etmək mümkün deyildi. Vaskulit kimi qəbul etsək, mümkün olardı.

Xəstəliklə daha çox pulmonoloqlar məşğul olmağa başladılar. Xəstələr üzlərini pulmonoloqlara çevirdi. Onlar da prosesin atipik pnevmoniya olduğunu fikirləşib, bu sahədə ən çox işlədilən "Makrolid azitromisin" istifadə etməyə başladı. Effekt olmadı. Pnevmoniya baş verəcəkdisə, baş verdi. Əgər bu həqiqətən atipik pnevmoniya idisə, niyə heç olmasa hadisələrin yarısında effekt vermədi? Niyə ftorxinolon preparatları və "Seftriaxon" işlətməyə məcbur olduq?

Xəstələrin oksigen maskalarını çıxarıb atdıqlarından söhbət gedirdi. Belə bir şey indiyə qədər müşahidə etməmişdim. Görəsən, niyə oksigen aclığı çəkən xəstə oksigen maskasını çıxarıb atır? Görəsən xəstələr niyə diffuz əzələ ağrılarından, kəskin əzələ zəifliyindən əziyyət çəkirlər? Mən heç bir pnevmoniyada belə bir şey görməmişdim.

Əvvəllər ağır pnevmoniyalar keçirmiş sonra "COVİD19"-a yoluxan xəstələr bunun pnevmoniya olmadığını, "nəsə başqa bir şey" olduğunu deyirdilər.

STA -a (Süni Tənəffüs Aparatı) bağlanan xəstələrin bir çoxunun aparatdan ayrılan kimi rəhmətə getdiyini deyirdilər. Bunu da ən çox trombemboliyaya bağlayırdılar. Bu qədər kleksan almış xəstə doğrudanmı trombemboliyadan rəhmətə gedirdi? Axı STA-ya yüzlərlə digər xəstələr də bağlanılır. Onlarda görəsən niyə trombemboliya olmurdu?
Əlbəttə ki, patoloqoanatomik təşrihsiz buna dəqiq cavab vermək olmazdı.

Son günlər bir xəstəmdə apardığım müşahidə STA-dan ayrılan xəstələrin rəhmətə getməsinin çoxluğunun izahını tapmağa çalışdım.

Saturasiyası əvvəl 60-dan aşağı düşmüş xəstəmdə sonradan 85, hətta 91-92-yə çatdı. Amma bir balaca vəziyyətini dəyişmək istəyən kimi saturasiya kəskin surətdə aşağı düşürdü. Döş qəfəsini döyəcləyəndən, verilən oksigenin təzyiqini artırandan sonra saturasiya bərpa olunurdu. Xəstə məcburi vəziyyət almışdı. Üzü üstə uzanmış halda qalmışdı. Cüzi bir hərəkət onun pisləşməsinə səbəb olurdu. Bunu yalnız "Miastenik sindrom"la izah etmək olardı.Bu çox güman ki, döş qəfəsi əzələlərinin diffuz zədələnməsi ilə bağlıdır.

Hər halda mən "Neyromidin" istifadə etdim. Sonra xəstə hospitalizasiya olundu. Güman edirəm ki, döş qəfəsi əzələlərinin işləməsi təmin olunmadan xəstənin STA-dan ayrılması xəstənin itirilməsinə səbəb ola bilər.

"Miasteniya sindromu" sinir əzələ keçiriciliyinin pozulması və ya diffuz, total əzələ zədələnməsi ilə əlaqədar ola bilər. Mən daha çox əzələ zədələnməsi ilə əlaqələndirirəm. Vaxtında Lazer terapiyasının tətbiqi həm vaskulyar problemləri, həm də əzələ zədələnmələrini yaxşı götürərdi. Çox təəssüf ki, hələ də Lazer terapiyasının tətbiqi yada düşmür. Halbuki döş qəfəsi əzələlərinin tənəffüs aktında daha yaxşı iştirak edə bilməsi xəstələrin daha tez sağalmasına səbəb olardı. Döş qəfəsində, skelet əzələlərində olan ağrıları məhz əzələ nekrozları ilə izah etmək olardı. Çünki "COVİD" pnevmoniyalarında çox az hallarda plevranın zədələnməsi rast gəlinir. Plevra prosesə cəlb olunmursa, döş qəfəsində olan ağrıların səbəbini yalnız əzələ zədələnməsi ilə izah etmək olar.

Mən bu ilin aprel ayının əvvəllərindən virus və bakteriyal pnevmoniyaların müalicəsində HELL preparatlarıının tətbiqindən yazmışdım. Çox təəssüf ki, kolleqalarım və rəsmi qurumlar tərəfindən dediklərim lazımi diqqəti cəlb etmədi. Amma hələ də gec deyil. Hələ "COVİD" bitməyib.

Xəstələrin daha tez sağalması, işlərinə qayıtması, yoluxmaların az olması üçün bu qaçılmazdır. HEEL pteparatları xəstəliyin bütün patogenetik mərhələlərində təsir edə bilir. Sonrakı fəsadları (məsələn. burun qanaxmaları, asteniya) da olmur.

Yuxarıdakı suallarımın bir qisminə isə cavab alacağıma ümid edirəm"

Aygün Musayeva
Medicina.az

  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.