“O, insanlara kömək etdi, çoxunu xilas etdi, özünü isə qurtara bilmədilər”.
İyunun 11-də koronavirus infeksiyasından vəfat edən travmatoloq həkim Mehman Hüseynovun həmkarı Vüsal Tahirov yazıb.
Medicina.az xəbər verir ki, Vüsal Tahirov və mərhum Mehman Hüseynovun bir həftədir müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
“Bir saatdan sonra vəziyyətimi öyrənmək üçün mənə zəng etdi. Müalicəmin necə getməsi ilə maraqlandı. Ümumiyyətlə, bu adam kim olmasından asılı olmayaraq, hər kəsə çox qayğıkeş münasibət bəsləyirdi. Mehman ağır tale yaşamış və çox qeyri-adi həyat yolu keçmiş insandır”, - deyə V.Tahirov qeyd edib.
M.Hüseynov Çernobıl hadisələrini, Qarabağ müharibəsini görmüşdü, ata olandan sonra isə Tibb Universitetinə qəbul olmuşdu.
“O, həkim olmaq istəyirdi və məqsədinə nail oldu. Gəncədə hamı onu sevirdi. 3 nömrəli xəstəxananın ən ağır şöbəsi hesab olunan travmatologiyada işləyirdi. Çoxlarını xilas edib, kömək olub... Onun özünü isə qurtara bilmədilər. O, bu dünyanı tərk etdi.
Sən bizə qayğı göstərdin, biz isə sənə qayğı göstərə bilmədik, qardaş. “Uşaqlıq” edib, bəzən səndən şikayət edən bütün naşükür xəstələri bağışla.
Səni xilas edə bilməyən həmkarlarını bağışla, onlar əllərindən gələni etdilər. Bağışla ki, sonuncu dəfə palatama gəldiyin gün səni axırıncı dəfə qucaqlamadım. Ruhun şad olsun, əziz dostum”, - V.Tahirov yazıb.
Qeyd edək ki, bir müddət əvvəl verilən məlumata əsasən, travmatoloq Mehman Hüseynov (1970-ci il təvəllüdlü) Bakı şəhərində yerləşən xüsusi rejimli xəstəxanada müalicə alırdı.