1951-ci il təvəllüdlü Ramazanov Cəbrayıl diabet və dializ xəstəsi olmaqla yanaşı, koronavirusa yoluxduğu üçün vəziyyəti orta ağır olduğundan 1 saylı klinik xəstəxananın (SEMAŞKO) reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxananın 4-cü korpusunda yerləşdirilən xəstədə kəskin tənəffüs çatışmazlığı var və o, oksigen aparatına qoşulub.
Medicina.az xəbər verir ki, xəstənin ailə üzvlərini narahat edən məsələ onun vaxtında dializ almamasıdır.
Belə ki, xəstə günaşırı dializ olunmalı olduğu halda, 2 gündür onu dializə aparmırlar. Müalicə həkimi ilə əlaqə saxlamaq mümkün deyil. Ailə ümumiyyətlə həkimin adını bilmir. Xəstəxanadan yalnız xəstənin ağır olduğunu deyirlər.
Ailə üzvləri xəstə dializ almazsa, bu səbəbdən həyatını itirəcəyini bildirir.
Maraqlıdır ki, 1 saylı Klinik xəstəxana nəzdində Dializ mərkəzi olsa da, koronaviruslu xəstələr ora aparılmır və ya pandemiya korpusuna bir dializ aparatı quraşdırılmır.
Bu xəstə klinikaya daxil olandan sonra cəmi 2 dəfə dializ olunub, dializ üçün xəstəni təcili yardımla bir dəfə Su tikinti xəstəxanasına, hansı ki, çox uzaqdır, bir dəfə də ATU Cərrahiyyə klinikasına aparıb gətiriblər. Artıq 2 gündür xəstə dializsiz qalıb.
“Biz 10 gün əvvəldən bütün instansiyalara məlumat vermişdik ki, bu xəstə dializ xəstəsidir. Onu Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirin, çünki orada dializ aparatları var. Amma bizi aldadaraq, xəstəni Astara xəstəxanasına apardılar. Orda da dializ olmadığı üçün Lənkərana aparacaqdılar. Bizim etirazımızdan, hay küyümüzdən sonra Bakıya qaytardılar. Hətta biz 10 saat ərzində bilmədik ki, xəstəmiz hardadır.
Sonra bildik ki, Semaşkoya yerləşdirilib. Xəstə dializsiz öləcək, biz ondan narahatıq. Vaxtında dializ alsa, bəlkə də koronavirusu atlatar. Axı niyə ağır xəstələri daha da ağırlaşdırırlar? Sözümüzü kimə necə çatdıraq? Bütün qaynar xəttə, Təbibə məlumat vermişik. Xəstə təcili dializ olunmalıdır. Biz ailəsi isə ondan xəbər ala bilmirik.
Bu hansı məntiqə, tibbi protokola sığır ki, reanimasion xəstəni maşına qoyub harasa aparıb dializ etdirib yenidən gətirirlər. Onun elə yolda halı xarab ola bilər. Reanimasiya xəstəsini bu istidə hara niyə daşıyırlar. Olmazmı ki, onu dializ aparatı olan xəstəxana binasına yerləşdirib, binanin içində dializ etsinlər?
Biz xahiş edirik, xəstəni ya ATU cərrahiyyə, ya da Mərkəzi Neftçilər xəstəxanasına təxliyə etsinlər, çünki orda COVİD 19 –lu dializ xəstələri üçün aparat ayrılıb. Belə şəraitdə xəstə nəinki sağalmaz, əksinə yanaşı xəstəliyindən ölər”.