“Koronavirusa yoluxduğum ağlıma gəlməzdi. Düşünürdüm ki, gigiyena qaydalarına tam riayət edirəm, ətrafımda xəstə görmürdüm. Analizin nəticəsi pozitiv çıxdı. Həkimlər mənə “koronavirusa yoluxmusunuz” deyəndə təəccüblənib, çox narahat oldum"
Medicina.az xəbər verir ki, koronavirus infeksiyasına yoluxan şəxslərdən biri ilə söhbət edib. Samir Seyidov (ad şərtidir) adlı gənc kişi Bakıda yerləşən tibb müəssisələrindən birində müalicə alıb. Onun oxu.az-a xəstəliyin simptomları, necə keçirməsi və mülaicəsi barədə açıqlamasından bəzi məqamları təqdim edirik:
"Xüsusi qrafiklə işə gedib gəlirdim"
- İlk olaraq düşünmürdüm ki, koronovirusa yoluxmuşam. İşdə olarkən yüngül öskürək başladı. Baş ağrıları və halsızlıq hiss etməyə başladım. Evə qayıdarkən isə halsızlıq bir qədər də artdı. Sonra hərarət qalxmağa başladı. Əvvəlcə 37,2 dərəcə oldu, daha sonra 38-ə qalxdı. Düşündüm ki, soyuqlamışam. Hərarətim 38,7 dərəcəyə yüksələndə təlaşlanmağa başladım. Heç bir fikrim yox idi, lakin ölkədə yoluxma halları ilə bağlı vəziyyəti mediadan izləyirdim. Bir anlıq şübhələndim.
Karantin rejimindən qabaq hər kəs kimi, aktiv həyat tərzi keçirirdim. Lakin karantin müddətində də xüsusi qrafiklə çalışırdıq. Konkret olaraq kimdən və ya haradan bu infeksiyaya yoluxduğumu təxmin edə bilmirəm. Bəlkə də, ətrafımda COVİD-19-a yoluxan şəxs olub, lakin mən onu bilməmişəm. Bəlkə o şəxs özü də bilmir. Nəticədə, infeksiyaya yoluxdum.
Martın 31-də, dediyim kimi, halsız vəziyyətdə evə gəldim. Evdə ailə üzvlərim var idi. Lakin bir neçə saatdan sonra vəziyyətim ağırlaşdığı üçün təcili tibbi yardım çağırdım. Ona qədər isə şübhələndiyim üçün qabaqlayıcı tədbirlər görməyə çalışdım. Müxtəlif antibiotiklər qəbul etdim. Beynimdə yaranan şübhələrə və ailəm üçün narahatlığa görə təlaşlı idim. Təcili tibbi yardım briqadası gəlib analiz götürdü. Eyni zamanda, mən və ailə üzvlərim koranavirus şübhəsi ilə ehtiyat məqsədilə karantinə alındıq. Məndə simptomlar olduğu üçün ayrı otaqda saxlanıldım. Analizlərin nəticəsi isə aprelin 8-də çıxdı. Məlum oldu ki, COVİD-19-a yoluxmuşam.
"Məni əsas narahat edən nəfəs alarkən yaranan sancı idi. "
Həkimlər analiz nəticələri müsbət çıxdıqdan sonra otaqdan çıxmağı və digər ailə üzvlərim ilə təmasda olmağı qadağan etdilər. İlk olaraq ağciyərlərimdə hər hansı dəyişiklik olub-olmadığını yoxlamaq üçün rentgen müayinəsindən keçdim. Birinci dəfə nəticələr təmiz çıxdı. Müalicə dövründə nəfəs almaqda çətinlik yaranırdı. Əsas məqsəd karantində saxlanılmaq və başqa şəxsləri yoluxdurmamaq idi. Aprelin 16-də ikinci dəfə analiz götürüldü. Bu dəfə nəticələr neqativ çıxdı. Məni əsas narahat edən nəfəs alarkən yaranan sancı idi.
Sancılara görə yenidən rentgen müayinəsindən keçirildim. Bu dəfə sağ ağciyərimdə yüngül pnevmoniya əlamətləri müşahidə olunduğu bildirildi. Zəruri müalicə yazıldı. Daha səkkiz gün xəstəxanada ayrıca palatada müalicə aldım. Artıq tam olaraq sağlamam.
Bütün yoxlamalar aparıldıqdan sonra aprelin 23-də xəstəxanadan evə buraxıldım. Lakin mayın 7-nə qədər evdə izolyasiya şəraitində qalmaq, küçəyə çıxmamaq və heç kimlə təmasda olmamaq tapşırılıb. Bu, ehtiyat məqsədilə tətbiq edilən bir məqamdır. Artıq o müddət də bu gün bitir. Son olaraq bir dəfə də həkim müayinəsindən keçəcəyəm. Daha sonra normal həyata davam edə bilərəm.
Özümü yaxşı hiss edirəm. Vəziyyətimi təsvir etsəm, əvvəl hiss etdiyim tipik simptomlar yoxdur. Başağrıları, başgicəllənmə, nəfəs almaqda çətinlik, öskürək yoxdur. Bir qədər halsızlıq hiss edirəm, amma o da çox narahat etmir. Yeganə problemim zəiflikdir. Demək olar ki, tam sağlamam.