Son günlər koronavirusa yoluxma statistikasında yenidən kəskin artım müşahidə olunur. Ötən gün virusa yeni yoluxanların sayı 584-ə çatıb. Ölkə üzrə aktiv xəstə sayı da oktyabr ayının əvvəlləri ilə müqayisədə təxminən üç dəfəyədək artaraq 4972 nəfər təşkil edir. İstisna edilmir ki, yoluxmada bir neçə gün əvvəlki anti-rekord (649 yoluxma) təzələnməyəcək.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb elmləri doktoru Rəşad Mahmudov “Qafqazinfo”ya açıqlamasında bununla bağlı xalqa çağırış edib. Deputat bildirib ki, hazırki vəziyyətdə koronavirusla mübarizədə tibb işçilərimizi məşğul etməyə haqqımız yoxdur.
“Bütün dünya ölkələrindəki çağırışlardan fərqli olaraq Azərbaycan xalqı bu gün sadəcə sağlamlığı üçün deyil, hər birimizin bir dəqiqə belə unuda bilmədiyi əsgəri üçün, Vətəni üçün, Ordusu üçün “COVID -19”a hamılıqla “yox” deməlidir! Bu gün hər birimiz koronavirusa yoluxanların sayını azaltmağa deyil, hətta sıfırlamağa məcburuq. Gəlin səhiyyə işçilərimizi, həkimlərimizi “COVID-19” mübarizəsiylə məşğul etməyək, fədakar tibb işçilərimizin gücünü, ruhunu öz əsgərinə, öz ordusuna, öz haqqlı davası uğrunda mübarizədə zədələnmiş, xəsarət görmüş insanların sağlamlığına həsr edək! Gəlin Ali Baş Komandan və hökumət üzvlərinin diqqətini səngərdən və haqlı davamızdan başqa heç bir yerə ayırmayaq!”