London İmperiya Kollecinin və Kembric Universitetinin bir qrup alimi koronavirusun insanın əqli bacarıqlarına təsiri ilə bağlı araşdırma aparıb.
Medicina.az xəbər verir ki, araşdırmanın nəticələri “The Lancet” elmi jurnalında nəşr olunub.
Jurnalın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, koronavirus infeksiyasına yoluxmuş insanlarda intellekt səviyyəsi əhəmiyyətli dərəcədə enib.
Məlumata əsasən, eksperimentdə 81 337 nəfər iştirak edib. Bu şəxslərdən 12 689-u müxtəlif çətinlik dərəcəsi ilə koronavirus infeksiyasına yoluxublar.
Eksperiment iştirakçıları bir neçə tapşırıq yerinə yetirməli olub. Belə məlum olub ki, hətta virusu ən yüngül formada keçirən əksər iştirakçılar tapşırıqları yerinə yetirərkən koronavirusa heç vaxt yoluxmayan insanlarla müqayisədə daha çox çətinlik çəkiblər.
Beyinin fəaliyyətində müşahidə edilən pozuntuların ciddiliyi birbaşa olaraq xəstəliyin ağırlığından asılı olub. Belə ki, xəstəlik zamanı ağciyərlərin süni ventilyasiyası aparatına qoşulmuş şəxslər ən çox çətinlik çəkən iştirakçılar olub. Onların intellekt göstəricisi 7 pillə enib. Bu göstərici, hətta insult keçirmiş və gələcəkdə nəsə öyrənmək iqtidarında olmayan şəxslərdə belə qeydə alınmayıb.