Koronavirus pandemiyası ilə əlaqədar turizm sektorunda ağır itkilər yaşayan Avropa İttifaqı çıxış yolu üçün planlar və qəribə təkliflər irəli sürüb.
Medicina.az xəbər verir ki, ittifaqın sədrliyini icra edən Xorvatiya üzv ölkələrin turizm nazirləri ilə sektorun vəziyyəti ilə bağlı müzakirələr aparıb.
Xorvatiyanın Turizm naziri Qari Kapelli Avropa İttifaqının ortaq səyahət protokolu və “COVID-19 pasportu üzərində işlədiklərini bildirib: “Bu pasport səyahət etmək istəyən hər Aİ vətəndaşında virusu müəyyən etmək üçün etibarlı testə sahib olmasını təmin edəcək”.
Yunanıstanın Turizm naziri Çaris Teokaris isə testin turistin ölkəsində keçirilməsinin vacib olduğunu vurğulayıb: “Məsələn, bir alman vətəndaşı Yunanıstana gəlmək istəyirsə, bu test Almaniyada keçirilməlidir”.
Almaniya və Avstriya da pasport təklifinə müsbət baxıb.
Ümumdünya Səhiyyə Təşkilatı isə bu tip pasportların verilməsinə qarşı çıxır. ÜST bildirir ki, koronavirusun ikinci dəfə yoluxub-yoluxmaması ilə bağlı dəqiq sübut yoxdur.