Koronavirusa yoluxan ABŞ prezidenti Donald Tramp yaxın bir neçə gün ərzində xəstəliyinin gedişatı ilə bağlı yenidən test olunacağını, virusun öhdəsindən gələcəyini və tezliklə geri dönəcəyini açıqlayıb.
Medicina.az-ın məlumatın görə, bu barədə Ağ Ev rəhbəri müalicə aldığı “Walter Reed” xəstəxanasında video-görüntü çəkərək Tvitter hesabında paylaşıb.
Tramp səhhətinin getdikcə yaxşılaşdığını bildirib və sağalmasını arzulayan hər kəsə təşəkkür edib.
“Buraya gələndə özümü yaxşı hiss etmirdim, indi özümü daha yaxşı hiss edirəm. Hər kəs mənim səhhətimin yaxşılaşması və vəzifə başına geri qayıtmağım üçün çox çalışır. Düşünürəm ki, tezliklə qayıdacağam”, - Tramp qeyd edib.
Tramp, həyat yoldaşı Melaniya Trampın xəstəliyi özündən daha yüngül formada keçirdiyini və qısa müddətdə tamamilə sağalacağını vurğulayıb.