Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa yoluxan naşirdən VACİB MƏSLƏHƏTLƏR

  • 2020.12.14 14:06
  • 3697 Baxış
Koronavirusa yoluxan naşirdən  VACİB MƏSLƏHƏTLƏR

"COVID-19-a yoluxdum. İşdə hiss etdim ki, qızdırmam var. Termometr gətirdilər, 37.3 göstərdi. Qızdırma salan dərman qəbul elədim. İlıq suya "Nemisil" də qatıb içdim. Dalınca "Parasetamol" və "Ampisillina" həbləri qəbul elədim. Ardıcıl bir neçə stəkan çay içdim. Mürəbbə ilə, iki cür mürəbbə vardı: gilas və böyürtkən. Böyürtkən daha xoş gəlirdi".

Medicina.az xəbər verir ki, bu barədə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu öz feysbuk səhifəsində məlumat verib:

"Növbəti gün işə gəlmədim. Kürəyimdə və bədənimdə ağrılar əmələ gəldi. Halsızlaşdım. Heç nə etməyə həvəs olmadı.
Dadbilmə və qoxubilməmi yoxladım. Məncə, dəyişən bir şey yox idi. Hər səhər tezdən 6-da bir saat parkda qaçan adam indi sadəcə uzanıb tənbəlliyinə tamaşa edirdi.

Səhərlər kök, alma, bal, boranı çəkib şirəsini içirəm. Demək olar, hər gün bu reseptimə əməl edirəm və mürəbbəli çayı da əlimdən qoymuram.

İştahamda dəyişiklik olmayıb. Sadəcə bir səhər şirə içəndə gördüm ki, dadbilməm itib. Bu bir az həyəcanlı məsələdi. Ən kəskin dadlar belə yox olmuşdu. Sarımsaq yedim, onun dadı qalmışdı.

3 gündən sonra qızdırmam düşdü. Amma bəzən hərarətimin yenidən qalxdığını hiss edirdim. Qızdırma da aldadıcı olur; gedir, gəlir.

Evdə qaldığım günün axşamı təcilli yardım gəldi. 3 tibb işçisi gəlmişdi, boğazdan yaxma götürdülər. Elə həmin axşam müalicəyə başladıq, əlamətlərdən COVID-19-a bənzəyirdi. İstilik, halsızlıq var, həm də bədən ağrıları.
Təcilli yardım komandasında gələn biri çox təcrübəli və qayğıkeş insan idi, dərmanların siyahısını verdi, "ziyanı yoxdur, nəticəni gözləmədən qəbul edin" - deyib, getdi.

Aptekə gedib onları aldım. 380 manat etdi, amma dərmanların hamısı deyildi.

İlk resepti sizə təqdim edirəm.

"Azitromisin" - 500 mq - gündə 1 dəfə, 3 gün
"Zinkorot" - 25 mq - gündə 1 dəfə
"Vit C" - 1000 mq - gündə 3 dəfə
"Arbidol" - 200 mq - gündə 3 dəfə
"Kardiomagnil" - 150 mq - gündə1 dəfə
"Selen" - 1 tab. - gündə 1 dəfə
"Maqnerot" - 1 tab. - gündə 1 dəfə
"Tamiflu" - 1 tab - gündə 1 dəfə.
"Deksametazon" - gündə 1 ampula sistemlə birlikdə,
Sistem olaraq "Pascorbini" və "Dematon T"
"Nacl" - 200 mq, sistem şlanqı
"Devitor" - 8 damcı

Aptekə axşam, hava qaralandan, küçələrdən adamlar yığışandan sonra getmişdim. Əczaçı siyahını görən kimi məsələdən hali olsa da, bir söz demədi, bir an üzümə diqqətlə baxdı, sonra başı öz işinə qarışdı.
Elə o axşam atma dərmanlara başladım.

Gündəlik iynə və sistemlər üçün evə gələn tibb bacısı tapmaq müşkül məsələyə çevrilsə də, bir dostun sayəsində o da həll olundu.

Növbəti gün axşam telefona sms gəldi, nəticə pozitiv idi. Sonra İcra Hakimiyyətindən zəng edib vəziyyətlə maraqlandılar. Bu zəng hər gün təkrar olurdu. Çox nəzakətli, qayğıkeş avazı olan o səsi bu gün də eşitsəm, dərhal tanıyaram. Başqa dövlət strukturlarından da zənglər gəldi. Bir neçə gündən sonra o zənglərə cavab vermədim. Başa düşdüm ki, bu mələk səsli zənglər çox formaldır. Real heç bir yardım etmək üçün deyil. Əksinə adamın əsəbini pozur. O zənglər yardım etməkdən daha çox "hələ ölməmisən?" demək üçündür; nə həkim təyin edirlər, nə də dərmanla təmin olunursan.

*

Bir gecə yuxum qaçdı. Beynimi məşğul edən hər hansı fikir yox idi, sadəcə özümü burulğan içinə düşmüş kimi hiss edirdim. Həyatım, xatirələrim tam dumana bürünmüşdü. Havasız bir durumda, boş fəzada məqsədsiz dolanan yarpaq kimiydim. Havam çatışmadı. Bunun necə olduğunu hiss etmədim. Naməlum bir güc məni balkona çıxardı. Orda gecənin mübhəm çağında, sakit və sərin havanı var gücümlə içimə aldım. Dərin öskürək tutdu. Xəstələndiyim vaxtdan ilk dəfə belə güclü öskürək yaşadım. Ciyərlərimin dibində məskunlaşmış hansısa düyünün açıldığını duydum. Nəfəs hərərkətləri etməyə davam etdim. Artıq nəfəsim maneəsiz gedib-gəlirdi. Hətta nəfəsimi buraxmasam belə içəridə heç bir qıcıq yaratmırdı. Gözlərimdən yaş gəldi. Görünür, öskürəyin təsiri idi.
O gecə rahat yatdım.

Gecə yaşadıqlarımı həkimə danışdım. KT-yə getməyi təkid etdi. "Medical Center"ə getdim. 140 manat xərcim oldu. Bir gün sonra cavabı gəldi. Həkimə göndərdim, dedi 15% buzlaşma var.
Qan analizləri də vermək lazım gəldi. "Sağlam Ailə"yə analizlər üçün 189 manat ödədim.
Qan analizlərinin cavabına görə COVID-19 itmişdi.
Daha doğrusu, yoluxucu formasını dəyişmişdi. Artıq kiməsə məndən yoluxa bilməzdi.

KT və qan analizlərindən sonra həkim radikal tədbirlər görməyə başladı. Bir həftə sistem təyin etdi. Eyni zamanda, sistemə "Dekzametozun"un da qatılmasını təkid etdi.
Sümüklərimin ağrısı tədricən azaldı, quru öskürəyə bəlğəm əlavə oldu. Qızdırmam qaydaya düşdü. Amma dadbilməm hələ də bərpa olmadı.
Sistemlər, iynələr bitənə qədər evdən çıxmadım. Dərmanları və ərzağı dostlar və qohumlar alırdı. Onlar da qapıda qoyub gedirdilər.
Belə başa düşdüm ki, COVID-19-un müalicəsi çox bahalıdır. Üst-üstə toplayanda 1500 manatdan çox xərc çıxdı. Tanışlar və qohumlar olmasaydı, vəziyyət daha da gərginləşə bilərdi.

İndi aptekə girəndə demək olar ki, əksəriyyət o dərmanları soruşur. Onlar da yoxdur. "Kleksan"ı bir tanışa alıb göndərdim, bir iynəsi 70 manat, özüm üçün alanda isə bu 17 manat idi. Qanda qatılaşmanın qarşısını alır. Əsas dərmanlardan biri "Arbidol" ümumiyyətlə apteklərdə yoxdur.

Xəstə olduğum müddətdə iki dəfə qanunu pozaraq evi tərk etdim, həkim müayinəsi üçün. Təcilli yardım çağırmaq real deyildi, halımı soruşmağa zəng edən dövlət qulluqçuları da "görək nə edə bilirik" - deyib qeybə çəkildilər.

Lazım olan dərmanları online sifariş etdik, 2 gün sonra zəng edib, "gətirək?" soruşdular.
Yaxşı ki, ilk yardıma gələn komandada gizlin qalmasını dönə-dönə xahiş edən təcrübəli bir həkim varmış. Əgər onun məsləhətləri olmasaydı, vəziyyətim yaxşılaşmazdı. O məsafədən də olsa, müalicəsini uğurla apara bildi.

Tövsiyələrim:

1. Dünyada sizi sevən və sizin sevdiyiniz kimsə varsa, bura övladlar və yaxınlar aid olur, COVID-19 sizə qələbə çala bilməz.
2. Qrip əlaməti varsa, mütləq həkimə müraciət edin.
3. Həkimlə bütün halınızı paylaşın, yazılan dərmanları vaxtında qəbul edin.
4. Bu xəstəlik zarafatı sevmir. Bir an özünüzü rinqdə hiss edin. Səhlənkar olsanız, rəqibiniz zəif yerinizdən vurub, sizi məhv edəcək.
5. Dövlətdən yardım gözləməyin. Xeyri yoxdur. Özünüz dərhal hərəkət edin, dost-tanışların köməyini istəyin, çəkinməyin".