Təbii yolla ifraz olunan ferment COVID-19-a qarşı effektiv vasitə ola bilər.
Medicina.az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq araşdırma “Advanced Materials” jurnalında dərc olunub.
Belə ki, ABŞ və Çindən olan beynəlxalq tədqiqatçılar qrupu bir sıra sınaqlar keçirib və katalaza antioksidantının orqanizmə üç cəhətdən müsbət təsir göstərə biləcəyini aşkar ediblər.
O cümlədən katalaza zəhərli təsir göstərmədən rezus makakalarda SARS-CoV-2 virusunun replikasiyasının qarşısını ala bilər. Ferment həmçinin antiinflamatuar təsirə malikdir, sitokinlərin ifrazını tənzimləyə bilir və bununla da sitokin fırtınasının və COVID-19-un ağırlaşma simptomu olan təhlükəli sistemli iltihablaşmanın qarşısını alır. Bundan əlavə, antioksidant ağciyərlərdəki alveolların astarlı qatındakı hüceyrələri oksidləşmə zamanı xəsarət almaqdan qorumağa kömək edir.
Alimlər qeyd edir ki, katalaza əsasında hazırlanmış terapevtik vasitənin üstünlüyü onun hazırlanmasının sadəliyində və aşağı istehsal qiymətindədir.