Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən mətbuat konfransında koronavirus infeksiyasından sağalan insanların sayını açıqlayıb.
Yeni koronavirusa qarşı ilk peyvənd nümunələri bir il yarım ərzində hazır ola bilər.
Bunu Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən konfransda deyib.
Onun sözlərinə görə, terapevtik vasitələrin sınaqları tezliklə İspaniya və Norveçdə başlayacaq: “Bunlar dörd fərqli dərman və dərman birləşməsi sınaqlarıdır. Prosesdə 45 dövlət iştirak edir”.
Qebreyesus koronavirusa qarşı yeni dərman hazırlanan qədər fərdləri və ölkələri virusun müalicəsində effektivliyini göstərməmiş terapevtik maddələrdən istifadə etməkdən çəkinməyə çağırıb: “Hər gün bu xəstəliklə mübarizədə nəyin işlədiyini və nəyin yaramadığını daha çox öyrənirik”.
O, hazırda həkimlər və tibb bacılarını lazımi qoruyucu vasitələrlə təmin etmək, adambaşına düşən aşağı və orta gəlirləri olan ölkələr daha inkişaf etmiş ölkələrdəki həmkarları ilə eyni şəkildə qorunmalı olduğunun ən vacib vəzifə olduğunu bildirib.
ÜST-ün baş direktoru həmçinin qurumun yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 203 min şəxs və təşkilatlar tərəfindən 108 milyon ABŞ dolları həcmində yardımın daxil olduğunu açıqlayıb.