Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirusa qarşı immunitet yaranmasını bu analizlə bilmək olar- Sağalanların diqqətinə

  • 2020.07.19 15:05
  • 2884 Baxış
Koronavirusa qarşı immunitet yaranmasını bu analizlə bilmək olar - Sağalanların diqqətinə



Yeni növ koronavirus (COVID-19) infeksiyasının müalicə tədbirləri müxtəlifdir və hər gün yenilənir. Əsas müalicə prinsipləri COVID-19 əleyhinə istifadə olunan dərman preparatları və virusun törətdiyi fəsadların aradan qaldırılmasıdır.

Əgər xəstəliyin ilk dövrlərində müalicənin əsas yükü infeksionistlərin üzərinə düşürsə, sonradan digər orqanlarda yaranan problemlər bir sıra tibb mütəxəssislərini, xüsusilə pulmonoloq, nefroloq, reanimatoloqları bu işə qoşur.

Bəs sağalandan sonra orqanizmdə bu virusa qarşı anticimin, yəni immunitetin əmələ gəlib-gəlməməsini necə bilmək olar?


Medicina.az xəbər verir ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bunları deyib.

“Koronavirusu keçirən insanların qanında 28 gün ərzində anticismlər əmələ gəlir. Məhz bu dövrdə plazmanı almaq lazımdır. Burada müxtəlif yaş qruplarının da rolu var. Bu, əsasən 18-60 yaşarası qrupları əhatə edir.

Əsasən kişi cinsinin nümayəndələrinə üstünlük verilir. Hamiləlik keçirməyən qadınlardan da plazma alına bilər. Çünki qadınlar nə qədər çox hamiləlik keçirirsə, qanlarında bir o qədər başqa anticisimlər də əmələ gəlir. Plazma verənlər sağlam insanlar olmalıdır. Təbii ki, mərkəz tərəfindən həmin şəxslər müayinə olunurlar. Plazma alındıqdan sonra çox ağır vəziyyətdə olan xəstələrə, xüsusən yanaşı xəstəliyi olanlara, süni tənəffüs cihazına qoşulan insanlara tətbiq olunur”.

V. Hüseynov bildirib ki, Türkiyə və Rusiyadan gələn mütəxəssislərlə immun plazmamın tətbiqi barədə fikir mübadiləsi aparılıb: "Bu gün immun plazma müalicəsi nəinki kritik-ağır xəstələrə, hətta ümumi vəziyyəti orta-ağır olan xəstələrə də tətbiq olunmağa başlanılıb. Bu, çox yaxşı nəticələr verir. Xəstələrin ağırlaşmasının qarşısını alır.


Ümumiyyətlə, xəstələrin ağırlaşmasının ən böyük səbəblərindən biri immun sisteminin virusa cavabıdır. Bu zaman insanların orqanizmi müxtəlif cür reaksiya verir. Ən böyük ağırlaşma ağciyər toxumasında olan dəyişikliklərdir. Biz bunu kompüter tomoqrafiya müayinəsi zamanı "buzlu şüşə" kimi görürük. Bura ikincili bakterial infeksiyalar da qoşulur. Həmin infeksiyalar ağciyərdə qeydə alınan dəyişiklikləri ağırlaşdırır və digər orqanları zədələyir. Xəstələrdə multiorqan yetməzliyi yaranır.

Digər böyük ağırlaşmalardan biri trombozlardır. Trombotik hadisələr xəstələrin ölümünə gətirib çıxarır. Bu vəziyyətdə olan xəstələrə də heç bir müalicə tədbirləri təsir etmir. Ona görə də bizim hədəfimiz indiyədək virus əleyhinə olan və standart protokolların təsir etmədiyi xəstə qrupu idi. Həmin xəstələrə daha çox ağır vəziyyətdə, intubasiya olunmuş, ağciyər və digər müvafiq orqanların göstəricilərində dəyişiklik olduğu zaman immun plazma tətbiq olunurdu. Təxminən iki ay müddətində buna nəzarət edildi. Bizim mütəxəssislər, reanimotoloqlar həmin xəstələri təqib etdilər.


Belə nəticəyə gəldik ki, xəstələrin təxminən 40-50 faizində müsbət nəticə ala bilirik. Ancaq xəstələrin yarısında müsbət nəticəni görsək də, ikincili yanaşı xəstəliklərinin ağır getməsi imkan vermirdi ki, xəstə tam yaxşılaşa bilsin. Onların arasında itirdiklərimiz də olurdu. Ona görə də biz artıq beynəlxalq standartlara əsaslanaraq və mütəxəssislərlə məsləhətləşərək düşünürük ki, daha erkən, xəstə intubasiya edilməmiş mərhələdə ona immun plazmanı tətbiq edək".

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi tərəfindən həyata keçirilən “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində yayımlanıb.