Hazırda ölkənin bütün müvafiq orqanları koronavirusla mübarizə sahəsində koordinasiya formasında hərəkət edirlər.
Medicina.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, son vaxtlar Çin Xalq Respublikasında yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə ciddi profilaktik tədbirlər həyata keçirilir.
Q.Təhməzli qeyd edib ki, infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub. Vəhşi heyvanlar vasitəsilə yayılma riski ölkəmiz üçün də mövcud olduğu üçün AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ictimai iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılmasının qətiyyətlə yolverilməz olması barədə birgə məlumat yayıb:
"Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə, idxalçı sahibkarlara bəyan edilib ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir".