Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Koronavirusa pul xərcləməyin, bunlar lazımsız dərmanlardı...” – Həkimdən mühüm TÖVSİYƏLƏR

  • 2020.08.07 16:41
  • 24507 Baxış
 “Koronavirusa pul xərcləməyin, bunlar lazımsız dərmanlardı...”  – Həkimdən mühüm TÖVSİYƏLƏR

“Sağalma müddəti uzanıb, virus aqressivləşib...”


“Simptomsuz xəstəyə heç bir dərman lazım deyil. Amma xəstələr yenə öz bildiklərini edir”


Abşeron rayon mərkəzi poliklinikasının 12 ildir, sahə həkimi çalışan terapevt Lalə Məmmədova mənim koronavirus üzrə müşahidəçi həkimim oldu.

İlk dəfə poliklinikadan zəng edib, özünü təqdim edəndə, etiraf edim ki, sahə həkiminin məni diqqətdə saxlayıb, yardım edəcəyinə ümidim yox idi. Çünki xəstələr sosial şəbəkələrdə, qruplarda sahə həkimlərinin çox zaman laqeydliyindən şikayətlənirdi. Həm də düşünürdüm: axı uzaqdan-uzağa həkim xəstəyə nə edə bilər?

Amma sonrakı 20 gün ərzində anladım ki, sahə həkimləri onlayn da olsa, koronavirusla mübarizədə xəstəyə hayan və dəstəkdir. Bəzən yadıma düşməsə də, mütləq hər axşam sahə həkimimdən mənə mesaj gəlirdi: “Bu gün özünüzü necə hiss edirsiz?”


Ola bilər, mənim şansıma yaxşı, diqqətli bir həkim düşdü. Təəssüf ki, test cavabım gec çıxdığından daha ağır müalicələr almışdım. Bununla da orqanizmimi yükləmişdim. Lalə həkim isə bunların gərəksiz olduğunu bildirdi.


Lalə həkimin koronavirus barədə təcrübəsi, bildikləri çoxdur . Hər gün ona müxtəlif suallar verib yorur, cavablar alırdım. Düşündüm ki, bu cavablar hamıya maraqlı olar.




Medicina.az koronaviruslu xəstələrin müşahidəsi və müalicəsinə cəlb olunan poliklinika sahə həkimlərinin işi barədə geniş müsahibəni təqdim edir:

- Lalə xanım, Azərbaycan rəsmən fevral ayından koronavirusla mübarizəyə başlayıb. Əvvəl bütün yoluxanları TƏBİB nəzarətə götürürdü və xəstələrin evdə müalicəsi yox idi. Bəs poliklinikalar ilk dəfə koronaviruslu xəstələrlə nə vaxt və neçə işləməyə başladı?


- Poliklinikalar mart ayının əvvəlindən məlumatlandırılmışdı. Biz pandemiyaya hazırlaşırdıq. İlk xəstə və yoluxma faktı ilə mart ayında xaricdən bir çox tələbələr ölkəyə qayıdandan sonra rastlaşdıq.
Ərazi üzrə biz həmin tələbələri nəzarətə götürdük. Tələbələr qayıdandan sonra yoluxma sayları tək-tək qeydə alınmağa başladı. Testi pozitiv çıxanları nəzarətə götürürdük. Ailə üzvlərində yoluxma olubmu, sağlamlıq durumları nə yerdədir, maraqlanır, TƏBİBƏ məlumat ötürürdük.

Mart ayında yoluxma və insanlarda panika çox az idi. Ümumiyyətlə, insanlarda bu xəstəliyə inam yox idi. COVİD-ə uydurma kimi baxırdılar. Ona görə qrip kimi əlamətləri olanlar da gec məlumat verirdilər.

- İş rejiminiz necə idi? Evlərə xəstələrin müayinəsinə gedirdizmi?

- Pandemiya başlayandan göstəriş gəldi, sahə üzrə evlərə həkimlərin getməsi dayandırıldı. Hər sahə həkiminin özünün jurnalı var, orda insanların əlaqə telefonları qeyd olunub. Gündə 20-25 nəfərə zəng edib, təbliğat aparırdıq: “Hər-hansı narahatçılıq, hərarət olarsa, mütləq məlumat verin. Ev şəraitində özünüzü müalicə etməyin”.

Lazım olarsa, yaxma götürülməsi, vəziyyətinin qiymətləndirilib xəstəxanaya aparılmasını təşkil edirdik.

Artıq pandemiya sürətlənəndə, xəstələrin axınını müşahidə etdik. Yaşlı- cavan müxtəlif simptomlarla gəlirdilər və ya eləsi olurdu, heç bir şey demirdi, rentgen istəyirdi. Yaxma verməkdən qorxurdular ki, onları harasa aparacaqlar.

Biz rentgen edirdik, müəyyən simptomları olanlara yaxma üçün müraciət etməyi deyirdik, bildirirdik ki, siz evə gedib, təcrid olunmalısız. Həkim olaraq da müalicələrimizi yazır, sonra isə mütləq təcili tibbi yardıma əlaqə saxlayır, evdə onlardan yaxma götürmələri üçün göndəriş verir, eyni zamanda həmin şəxslər barədə TƏBİB-ə məlumat verirdik.




İnandırım sizi, sahəm üzrə gün ərzində 50-60 xəstədən zəng, mesaj gəlir.
Onların hamısına cavab verilməlidir. Xəstələr çox zaman panikada olur, böyük stress yaşayır.



- Təxminən nə vaxtdan gözləmədiyiniz bir xəstə axını ilə üz-üzə qaldız? Xəstələrin artıq sahə həkimləri tərəfindən evlərdə müalicə olunacağı təlimatı gəldikdən sonra nələr dəyişdi?

- Sözün açığı, yoluxma sayının bu qədər artacağını gözləmirdik və buna hazır deyildik. Gündəlik yoluxma sayı 400-ü keçəndən sonra bizə də düşən yük artdı.

Gücləndirilmiş iş rejiminə keçdik: bayram, şənbə, bazar gecə-gündüz artıq bilmirik.

Abşeron rayon səhiyyəsi üzrə xüsusi whatsap qrupu var. Ora hər gün yeni yoluxan xəstələr barədə məlumat ötürülür. Məsələn, mənim sahəm üzrə xəstəyə dərhal zəng edirəm, əlavə məlumat toplayırıq.
Xəstə nəzarətsiz qalmamalıdır.

Elə xəstə var, bir neçə saatın içində ağırlaşa bilər, dərhal stasionara yerləşdirilməlidir.

Əvvəl hər sahə həkiminə 2-3 xəstə düşürdü, indi gün ərzində 5-6 xəstə birdən verilir. Xəstə artan templə gedirdi.

İnandırım sizi, sahəm üzrə gün ərzində 50-60 xəstədən zəng, mesaj gəlir. Onların hamısına cavab verilməlidir. Xəstələr çox zaman panikada olur, böyük stress yaşayır. Nə edəcəyini bilmir. Onu sakitləşdirən
biz olmalıyıq.

- Bu vaxta kimi neçə xəstə ağırlaşıb və stasionara yerləşdirmisiniz? Xəstələr hansı hallarda ağırlaşır?

- Olub gecəyarı xəstə mənə zəng edib ki, tənəffüsüm, vəziyyətim pisdir, təcili yardıma düşə bilməyiblər. Biz birbaşa təcili tibbi yardımın baş həkimi ilə əlaqə saxlayıb, məlumatı ötürürük. Ağır xəstələrimizi darda qoymamışıq.

Şəxsən mən öz payıma düşən xəstələrin 80 faizini ev şəraitində müalicə etmişəm. Yanaşı xəstəliyi olan xəstələr, onkoloji, şəkər xəstələri mütləq stasionara yatırılmalıdır. Təxminən 20% xəstələr stasionara göndərilib.

Bəzən olur ki, şəxsin maddi imkanı çox aşağıdır, evdə müalicə heç mümkün deyil, xahiş edirlər. O xəstələri də Saray modul xəstəxanasına göndəririk. Yeri gəlmişkən deyim ki, o xəstəxana açılandan sonra işimiz xeyli yüngülləşdi.

Əvvəlcə Bakıdakı pandemiya xəstəxanarına xəstə göndərəndə çox əziyyətlərlə üzləşmişdik. Elə olub ağır xəstəni təcili yardım 1 sutka Bakıda gəzdirib. Axırda rayona aparmalı olub. Amma indi belə problem yoxdur.


- Ambulator müalicədə əsas hansı müalicə protokolu götürülür? Xəstələrə əsas nələr təyin edirsiz?

- Öncə deyim, bizim yaralı məsələmiz, xəstələrin özbaşına müalicəyə başlamasıdır. Qohum, qonşu, hansısa tanış həkim, aptekdə işçi – kimdən nə eşitdilər edirlər...
Sosial şəbəkələrdə şablon və təhlükəli reseptlər dolaşır.

Ringerə, natri-xlora müxtəlif dərmanlar, vitaminlər, koronavirusa aid olmayan preparatlar qatıb, özlərini yükləyirlər.

Ümumiyyətlə, simptomsuz xəstələr hansı ki, heç bir ciddi əlaməti yoxdur, əlavə sistemlərlə yükləmək lazım deyil. Zəng edirik xəstəyə müalicə təyin edək, deyir doktor, filan sistem, iynə edirəm. Axı niyə?
37,3-ə qədər hərarəti, yüngül halsızlıq və ya zəifliyi olan xəstələrə virus əleyhinə preparat və vitaminlər D, C, sink və s. təyinat veririk

Hərarət yüksəlib, 3-4 gün ərzində dərmanlarla tənzimlənmirsə, artıq stasionara yerləşməlidir.
Çünki onlar rentgen, KT və s. müayinələrdən keçməlidir.

Təbii ki, evdən zənglə xəstəyə diaqnoz qoymaq, nə baş verdiyini görmək mümkün deyil. Amma dediklərindən artıq bilirik ki, o xəstə stasionara getməlidir.

Elə xəstələr də olub ki, boğulmaları olub, saturasiyası düşüb, amma xəstəxanaya getməkdən qəti imtina ediblər.

Özləri deyib ki, sizə güvənirik, evdə müalicəmizi edin, əgər ağırlaşsaq, stasionara gedərik. Bu xəstələri də Allahın köməyi ilə sağaltmışıq.
Heç bir xəstənin yanında üzümüz qara olmayıb, itkimiz də olmayıb.

Həkim kimi ən böyük mükafatım: xəstələr sağalandan sonra gəlib rentgen edirik ağciyərləri təmizdir, qızdırması düşüb, özünü yaxşı hiss edir, o qədər alqış, dua təşəkkür edirlər. O zaman ürəyim dağa dönür. Pandemiya şəraitində həkim üçün bundan böyük xoşbəxtlik ola bilməz.

- Bu xəstələrə hansı müalicələr uyğundur: antibiotiklər, antikoaqulyantlar, deksametazon kimi hormonal dərmanları ən sona saxlayırsız?

- Qızdırma 38-i keçib 39-a qalxırsa və parasetamolla düşmürsə, artıq bilirik ki, ağciyərlərdə ikincili bakterial infeksiya qoşulub.

Virus özü 37,5 qədər qızdırma verir. 38-dən yuxarı artıq antibiotik təyin edilə bilər.

Bu zaman yenə də COVİD qrupumuzda Ağciyər xəstəlikləri üzrə ixtisaslı həkimlər var, onlardan məsləhət alırıq ki, belə hallarda nələr təyin olunmalıdır ki, daha effektiv olsun. Özbaşına təyinat olmaz. Modul xəstəxanalarında çalışan həkimlərdən də məsləhət alırıq.

Simptomsuz və yüngül xəstənin, ağciyərlərində heç bir bakterial infeksiya olmayan xəstənin Azitromisin, Seftriaksion kimi antibiotiklərin qəbul etməsi yolverilməzdir. Bu həm xəstənin vəziyyətini, həm də bizim işimizi çətinləşdirir.
Bu xəstələrin müalicəsində fərdi yanaşma olmalıdır, şablon müalicə getməməlidir.

İnsan robot deyil. Ailə içində hər kəsin orqanizmi fərqlidir. Kiməsə düşən dərman, digərinə lazım deyil.
Ümumiyyətlə, mən antibakterial preparatın qəbulunun əleyhinəyəm.

Təbibin özünün brifinq və məlumatlarında deyilib. Simptomsuz xəstəyə heç bir dərman lazım deyil. Amma xəstələr yenə öz bildiklərini edir.

- Xəstələr həm də bir ara çətin tapılan antivirus dərmanı Arbidolun axtarışına çıxdı. Həqiqətənmi bu dərman koronavirus müalicəsində effektivdir və siz xəstələrə təyin etmisizmi?

- Bu dərman haqqında fikirlər birmənalı deyil. Biz bu preparat barədə müxtəlif elmi tibbi məlumatları oxuyuruq. Koronavirusdan sonra artıq Rusiya həkimləri də Arbidolun koronavirusa effektiv təsir etmədiyi barədə yazırdılar. Desəm ki, xəstəni sırf Arbidol sağaltdı, yalan demiş olaram. O qədər xəstəmiz oldu, Arbidol tapmadı, istifadə etmədi, sağaldı.

- Yadınızda qalan, sizə ən çətin anı, stressi yaşadan xəstəniz hansı olub?

- Həddən artıq ağır dərəcədə xəstələrim nadir halda olub. Çünki bir az vəziyyəti dəyişən xəstəmi mütləq vaxtında stasionara göndərmişəm. 2-3 belə xəstəm olub.

Şəkəri yüksək olan xəstəm olub, stasionara ümidli idim ki, orda sağalar, amma orda vəfat etdi. Bu xəbəri mənə çatdıranda bir neçə gün özümə gələ bilmədim. Ölüm xəbəri eşitmək istəmirik. Ümumilikdə götürəndə 90% sağalma əldə edirik. Ona görə bu xəstəlikdən qorxmaq lazım deyil




- Xəstələriniz ən çox harda yoluxub. Ailəvi yoluxmaların səbəbi nədədir?

- Əksər xəstələrimiz harda, necə yoluxması barədə dəqiq fikir deyə bilmirlər. Eləsi var deyir, evdə olmuşam, eləsi var deyir, maskasız gəzməmişəm. Hardan bu virus məni tapdı, hələ də bilmirəm.

İş yerində kollektivdən yoluxanlar daha çoxdur. Bakı Tikiş Fabriki barədə yəqin eşitdiz, kütləvi yoluxma oldu. Müəssisələrdə belə yoluxmalar olur. Ailədaxili yoluxmalar son 1 ayda kəskinləşib, ona görə də yoluxma sayı 500-ü keçdi.

Qəribə məqamlardan biri də budur ki, bu vaxta qədər ailə içində xəstə olanda, digər ailə üzvlərini müşahidəyə götürürdük, amma onlara virus keçmirdi. Bu təxminən aprel-may aylarında idi. İndi isə birində varsa, digərlərinə də keçir. Hətta uşaqlar da yoluxur. Sanki ailədaxili kiçik pandemiya başladı.
Görünür, virus aqressivləşib, dəyişib.

- Həm də əvvəllər xəstələr daha tez sağalırdı, 2 həftəyə tamam sağlam olurdu. Amma indi çox xəstələr deyir ki, sağalma nədənsə uzun çəkir. Hətta 30-40 gün davam edir.

- Burda da hər bir şey individualdır. 21 günə xəstə tam sağalacaq deyə bir şey yoxdur. Çünki xəstəliyin əlavə təsirləri olur. Güclü antibiotik terapiyadan, qızdırmadan və ya stressdən sonra immunitet zəifləyir, disbakterioz əlamətləri olur, xəstə var ki, qanda laxtalanması baş verir, baş ağrıları olur, döş qəfəsində ağrılar qalır. Fibrozlaşmış ağciyərlər uzun müddət reabilitasiya tələb edir.

Amma həqiqətən də əvvəlkinə nisbətən sağalma müddəti uzanıb, bəli, virus aqressivləşib düşünmək olar. Bunu biz hiss edirik.

1 aydan da artıq depressiv vəziyyəti çəkən xəstələr var.
Xəstəxanada yatanlar çox stress keçirir. Bu xəstələrdə sinir sistemində problemlər yaradır.
Xəstəlik sonrası asteniya vəziyyəti deyilən sindrom bir müddət davam edə bilər.


Axşamlar hərarətin 37,2 ə qalxmasından narahat olmasınlar.
Bu, 1-2 aya qədər dəyişə bilər

- Doktor, koronavirusu keçirmiş insanlar uzun müddət 37-37,3 hərarətin qalmasından narahatdır. Niyə bu rəqəmlər düşmür?

- Bəli, belə xəstələrim var. Tam kliniki sağalıblar, hər şey normaldır, laborator analizlər qaydasında, amma 37,2 hərarət qalıb. Bu hərarət koronavirusun spesifik rəqəmidir, virus infeksiyasının göstəricisidir. Amma hələ ki, niyə bu qədər davam etməsinin dəqiq izahı yoxdur. Çünki bu virus yeni virusdur, tam öyrənilməyib. Hər şey simptomatikdir. Ola bilər virusun qanda vilurentliyi uzun müddət qalır. Bəzən axşam saatlarında hərarətin 37,2 ə qalxmasından narahat olmasınlar. Bu, 1-2 aya qədər dəyişə bilər.
Bir müddətdən sonra normaya düşəcək.

Bu xəstəliyin gedişi və müalicəsində çox dəyişikliklər var. Hər ayın, günün öz hökmü var. Biz əldə etdiyimiz təcrübə ilə daha yaxşı nəticələr əldə edirik. Məsələn, zamanla kleksanın daha yaxşı antikoaqulyant təsirini gördük, deksametozunun sistemdə venadaxili yox, əzələyə vurulmasının daha gözəl təsir etdiyini gördük.


- Bu gedişlə pandemiyanın nə qədər çəkəcəyini, koronavirusun aramızda bundan sonra nə qədər davam edəcəyini düşünürsüz?

- Əgər qaydalara əməl etsək, xalq olaraq məsuliyyətli olsaq, digər ölkələr kimi, hansı ki, nümunələrində görürük, bu virusla baş edə bilərik və hətta virus ola- ola da problemsiz yaşaya bilərik. Niyə bu qədər problem yaşandı, hamımız gözəl bilirik.

Bir maska taxmaq və məsafə gözləmək bizim üçün problem olmaqda davam etdikcə, yoluxma azalmaz. Əvvəl inanmırdılar, indi əmin oldular ki, var, yenə də qeydlərinə qalmırlar.
Xəstələr poliklinikaya gəlir, kabinetə girir, maskanı çıxarır, ya çənəsində saxlayır və ya burnu açıq.
İnsanlar özlərinin və yaxınlarının canının sanki qiymətini, dəyərini bilmir.

Bəzən ailədə bir xəstə olur, deyirik, özünü təcrid et, qabını, yeməyini. Amma etmir. Maskasız gəlir gəlini, nəvəsi, yoldaşı ilə bir yemək yeyir, danışır. Axı insan necə doğmasına qarşı belə yanaşa bilər? Sonra ağırlaşanda peşman olurlar, ya həkimləri qınayırlar.

Hələ də gizli ad günləri, məclislər, yığıncaqlar edirlər.

Bizim millət qədər ailəcanlı, qədir-qiymət bilən yoxdur. Amma bu virus məsələsində bunun əksini gördük.
Sanki bir-birlərini yoluxdurmağa can atırlar, ya digər insanların həyatı onlar üçün anlam daşımır.
İstənilən yumşalma, lap karantin götürülsə də, sərbəstlik olsa da, şəxsən mən, ailəm maksimum özümüzü qoruyacağıq və hamıya bunu tövsiyə edirəm. Hətta bir dəfə yoluxanlar da arxayın olub, daha mənə virus yaxın gəlməz düşünməsin. Çünki ikinci dəfə də yoluxan xəstə olub.

Birinci sağalması ilə ikinci yoluxması arasında 3 həftə vaxt çəkdi. Sağalıb işə çıxıb, 3 həftə sonra yenidən yoluxdu

Ona görə ehtiyatlı olun. Özü də virus xəstəliyindən yeni sağalan xəstələr hələ həssas, immuniteti toparlanmamış olur.

Siz virusa yoluxanda əziyyətini çəkən özünüz olacaqsız. Heç kim sizə yardım etməyəcək. Nə qohum, nə qonşu, nə rəfiqə-dost. Sənin səhhətin hər şeydən qiymətlidir

İnsanlar xəstələnəndən sonra tamam başqa cür düşünürlər, onda da bəzən gec olur.

- Bir çox evdə özlərini müalicə edənlər etiraf edir ki, koronavirus onlara çox baha başa gəlir. Öz təcrübəmdən deyim, azı 700-800 manat tələb olunur. Amma sonra düşünürsən ki, çox şeylər boşuna edilib. Həqiqətənmi, koronavirus bu qədər məsrəf tələb edir?


- Lüzumsuz xərclər çoxdur. Xəstə gedir rentgen edir. Sonra ya özü, ya tanış həkim deyir, yox rentgen yaxşı deyil, KT yaxşıdır. O da bahalıdır. Xəstəliyin ilk günlərində qızdırma, boğulma yoxdursa, KT təmiz çıxacaq. Simptomsuz xəstələrin KT-yə ehtiyacı yoxdur. KT-yə düşmək üçün bir müddət gözləmək lazımdır.
Elə xəstəmiz olub ki, adi Azitromisin tableti ilə pnevmoniyadan sağaldı.

Həftələrlə ringer, içində vitaminlər, tibb bacısı tapıb baha qiymətə sistem qoşdurmaq artıq xərcdir.
Bir çox antivirus dərmanlarına da gərək yoxdur. Deksametazon, Eufiilin, riboksin qatıb -qarışdırırlar.

Vaxtında düzgün müalicəyə başlasalar, həkimə qulaq assalar, yanlış müalicə və dərmanlara xərcləri çıxmaz.
Evdə koronavirusun müalicəsi heç də baha başa gəlməməlidir. Xəstəm var ki, bir-iki tabletlə sağaldı.
Ağırlaşması olan xəstəni stasionara yerləşdiririk, onu da dövlət hər cür şərait yaradıb, pulsuz müayinə- müalicə edir.

Pullarınızı koronavirusa xərcləməyin. O elə də dəhşətli xəstəlik deyil, sadəcə vaxtında həkimə müraciət edib, ona qulaq asın. Əgər biz deyiriksə, hələ sistem, KT lazım deyil, deməli, həqiqətən belədir. Digərlərinin səhvlərini təkrarlamayın.





Aygün Musayeva
Medicina.az

  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.