Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Medicina.az-ın məlumatına görə, xəbərin yayılması ilə əhalidə xəstəliklə bağlı təşviş və suallar yaranıb. Əsas sual doğuran məqam isə məktəblərdə dərslərin dayandırılıb-dayandırılmayacağı ilə bağlıdır. Bunu nəzərə alaraq, Təhsil Nazirliyinə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq bildirdilər ki, respublikada baş verən hər hansı fövqəladə halla bağlı tədris ilində baş verəcək dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir:
"Bildiyiniz kimi Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. Sorğunuza cavab olaraq bildiririk ki, Nazirlər Kabinetinin 24.02.2020-ci il tarixli 66 nömrəli Qərarına görə, fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir"
Afaq Rza