“Əməkdar artist Bəhram Bağırzadə süni nəfəs aparatından ayılıb. Onun şüuru açıq vəziyyətdədir”.
Bunu əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
“Planeta parni iz Baku” teatrının rəhbəri Tahir İmanov da haqqın.az-a açıqlamasında Bəhram Bağırzadənin özünə gəldiyini və həkimlərin suallarını cavab verdiyini bildirib. T.İmanovun sözlərinə görə, B.Bağırzadənin müalicəsində müsbət dinamika davam edir və bütün tibbi göstəricilər normaldır.
Əməkdar artistin ötən gün ECMO cihazından ayrıldığı açıqlanmışdı. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Dr. Rəşad Mahmudov onun dərmanlar vasitəsilə dərin koma vəziyyətində yatızdırıldığını, hələ ki, komadan oyandırılması cəhdi düşünülmədiyini demişdi.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.