Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus, ya Taclı FƏLAKƏT

  • 2020.02.19 09:10
  • 1738 Baxış
Koronavirus, ya Taclı   FƏLAKƏT

Mao Tsze Dun cəmi 48 il yaşamışdı. Hüquq təhsili almış, vəkillik etmiş, gənc yaşda Viskonsin əyalətinin hakimi, daha sonra buradan senator seçilmişdi. 1950-də böyük rezonansa səbəb olan çıxışı ilə nəinki Amerikanın, hətta dünyanın belə siyasi həyatını yerindən oynatmışdı. Bu çıxış

Qərbdə görünməmiş bir anti-kommunist dalğasının yaranmasına səbəb olmuşdu…

Cozef Makkarti (Joseph McCarthy, 1908-1957) radikal sağçı, kommunizmin qatı əleyhdarı idi. Və o məşhur çıxışında kürsüdən “Əlimdəki siyahida kommunistlərə çalışan ABŞ Dövlət Departamentinin 205 işçisinin adı var” deyə bağıraraq “əcinnə ovu”na, yəni kommunist və sosialistlərə loyal olanlara qarşı amansız mübarizəyə başlamışdı. Bu mübarizəyə siyasi ədəbiyyatda onun adı verilmişdi – Makkartizm…

Nanokimya və fiziki kimya sahəsində dünyanın ən nəhəng alimlərindən biri, Stənford və Kolumbiya universitetləri məzunu, son günlərədək Harvard universitetinin professoru idi. 400-dən çox elmi işi olan bu məşhur alimin Hirsch indeksi 108-dir. ABŞ Milli Akademiyası, Tibb Akademiyası və Çin Elmlər Akademiaysının üzvüdür.

Nanotexnologiyalar deyəndə ağla ilk gələn isim Çarlz Liberdir (Charles M.Lieber). Sürətlə inkişaf edən bu sahə modern texnologiyalarla bərabər təbabətdə — tibbi radiologiya, farmakologiya, mikrobiologiya, toxuma və yaraların bərpası, peyvənd və zərdabların hazırlanmasında da tətbiqini tapır.

Bill Klinton prezidentliyi dövründə iqtisadçıların təlqini ilə nanotexnologiyaları ölkəsinin prioritet sahəsi elan etmişdi və bu, indiyə qədər də dövlət tərəfindən ən çox dəstək görən sahədir. Ancaq keçən ay Federal Kəşfiyyat Bürosu (FBI) professor Liberin Massaçussestdəki ev və ofisinə basqın edərək Harvard universiteti Kimyəvi Biologiya bölümünün 61 yaşlı müdirini həbsxanaya atdı. Pul ödəyib girov (kəfalət) qarşılığında azadlığa buraxılsa da Harvard onu müddətsiz məzuniyyətə göndərdi (oxu: elmi araşdırmalardan uzaqlaşdırdı). Səbəb nə idi? Proteinlərdəki elektriki təsbit etdiyi üçünmü? Yoxsa mərkəzi sinir sistemi və beyindəki sinir hüceyrələrinin elektrik hərəkətlərini öyrənən cihazlar yaratdığına görəmi?

Məgərsə işin içində Koronavirus pandemiyası ilə “məşhurlaşan” Uhan (Wuhan) şəhərindəki Uhan Texnologiya universiteti var!…

“Yüz çiçək açsın, yüz fikir yarışsın” demişdi Çin lideri Mao Tsze Dun. Fikrin əsil müəllifi “Yüz çiçək açsın, yüz məktəb yarışsın” deyən İmperator Tsin Şihuandır. Mao özünü eramızdan əvvəl yaşamış İmperatora bənzədirdi. Mao sözləri bir qədər dəyişib “Yüz çiçək açsın, yüz fikir yarışsın” deyərək 1957-də aşkarlıq və “perestroyka” elan etdi və “Mədəni inqilab”a başladı. Qismi yumşalmanın ömrü qısa oldu, 6-7 ay sonra Mao aydınlara qarşı total təqiblərə başladı.

“Bayhua yundun” adlandırılan bu maoçu hərəkata bənzər bir plan düz 50 il sonra – 2010-cu ildə yenidən gündəmə gəldi. Çin Dünya liderliyi uğrunda mübarizədə (rəsmi olaraq bunu “ölkələr arasında rəqabət” adlandırırlar) ortaya yeni bir iddialı plan atdı – “Min İstedad Planı” (TTP)…

Çin Dünaynın yeni fövqəlgücü olma planlarını artıq gizlətmir. Çin Xalq Respublikasının lideri Si Tszinpin (Xi Jinping) xalqa müraciətlərindən birində “Çin 2050-də bütün dünyanı idarə edəcək” demişdi. Dediyi olarsa, hamımızın həyatı kökündən dəyişəcək. Rəsmi Pekin elmi araşdırma, yeni texnologiyalar kimi sahələrdə dünyanın öndə gedən alim və mütəxəssisləri ilə əməkdaşlıq edir. Öz ölkələrində aldıqlarından dəfələrlə çox maaş, müxtəlif bonuslar verərək dünyanın tanınmış alimlərini Çin universitetlərinə transfer edirlər. Bir zamanlar Amerikaya olan “Beyin köçü”nü bu gün Çin tərsinə çevirir. Onun bu həmləsi ABŞ-ı elə təlaşlandırıb ki, Senat TTP və başqa bənzər planlar haqda təhqiqata başlayıb. Məqsəd Amerikanın Milli Təhlükəsizliyinə təhdid təşkil edənlərə qarşı əks addımlar atmaqdır.

Və ilk əməliyyat da yeddi ildən çoxdur Uhan Texnoloji universitetilə ortaq araşdırmalar aparan professor Liberə qarşı keçirildi. Rəsmi ittihamda bu universitetdən aldığı maaş və pul mükafatları haqda yanlış bəyanat verdiyi yazılır. Onunla ortaq çalışan çinli elm adamları Yanging Ye və Zaosong Zheng haqqında həbs qərarı çıxarıldı. Amerikada isə Çin əsilli yüzlərlə alim çalışmaqdadır. İndi FTB (FBI) bu alimlərə qarşı təhqiqatlara başlayıb, 71 ABŞ universitetində çalışan çinli alim haqda 180 istintaq işi açılıb…

***

Keçən əsrin ortalarında tüğyan edən Makkartizmin təqibinə məruz qalanlar içində Albert Eynşteyn, Robert Oppengeymer, Korneliy Lantsoş kimi alimlər, Leonard Bernstayn, Çarli Çaplin, Stenli Kramer, Artur Miller, Orson Uells kimi sənət adamları var idi. Bu sətirləri yazarkən bir daha tarixin təkərrür etdiyinə inandım. “Sağ” və “Sol”un, “Kapitalizm” və “Sosializm”in vəhşi qarşıdurmasının yenidən xortladığını düşündüm. Və xatırladım ki, o dövrün bəzi əbləh ideoloqları bu qarşıdurmanın cinahlarını “Xeyir” və “Şər”ə bölmüşdülər. Bəs bu gün iki Super Gücün ayaqları altında qalan zavallılar hansının Xeyir, hansının Şər olduğunu necə anlayacaq?…

«Corona» kəlməsi latınca «tac» deməkdir. Bir çox dillərdə Günəşin tac şəklindəki quruluşuna “Korona” deyirlər. Koronavirusun fotosuna baxanda onun quruluşunu taca bənzətdikləri üçün virusa belə gözəl ad seçiblər. Bu zəhrimar nəyə bənzəməsindən asılı olmayaraq böyük kataklizmlərin xəbərçisidir. Xeyir bu dəfə də Şərə qalib gələ biləcəkmi?…(ayna.az)