Koronavirusun yayıldığı və ciddi karantin təcrid tədbirlərinin bir neçə ay davam etdiyi regionlarda vərəmin yayılacağı və daha çox insanı cənginə alacağı barədə elmi proqnoz verilib.
Medicina.az xəbər verir ki, bu barədə aparılan araşdırma barədə The Guardian yazıb.
Tədqiqat London İmperiya kolleci və Cons Hopkins Universiteti tərəfindən birgə aparılıb.
Qeyd olunub ki, 2020-25-ci illərdə çox güman ki, 6,5 milyon insanda vərəm yaranacaq. 1,5 milyon insan bu xəstəlikdən öləcək, vərəmlə bağlı dünyada vəziyyət pisləşərək, 5-7 il əvvəlki statistikaya qayıdacaq.
“Stop TB Partnership” direktoru Lyuçiça Diçiu bildirib ki, min illərdir insanlıq arasında olan vərəmin 100 ildir cəmi bir peyvəndi var, 2-3 yeni vaksin hazırlanmaqdadır:
“ Amma 120 gündür var olan koronavirusa heyrətlə baxıb, 100 adda vaksin hazırlamağa tələsirlər. Hesab edirəm ki, dünya başını itirib. Biz 2027-ci ilə kimi yarım milyard insanı vərəmə qarşı peyvəndləməliyik. Koronavirusun ardıyca düşməkdən, real təhlükədən xəbərimiz yoxdur”.
Vərəmdən ölüm statistikası 2013-cü ilə geri dönəcək. Alimlər COVID 19-a p qədər aludə olub ki, digər xəstəlikləri, infeksiyaları unudublar.
“Bizim vərəmə, QİÇS-ə, malyariyaya qarşı peyvəndimiz yoxdur. Vərəm onların içində ən yaşlısıdır. Hər il vərəmdən 1,5 milyon insan ölür, bu rəqəm digər bütün infeksion xəstəliklərdən baş verən, hətta koronavirusdan olan itkilərdən də qat-qat çoxdur. Böyüklər üçün vaksin yoxdur, yalnız uşaqlar üçün peyvənd var, onun da 100 yaşı keçib”.