Koronavirusla bağlı ölkədəki vəziyyəti qənaətbəxş hesab etmək olar, amma ...
Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) aldığımız vaksinə Koronavirusla Mübarizəyə Dəstək Fondundan maliyyə ayrılacaq. Bu barədə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı ötən gün keçirilən iclasda qeyd edib. Onun sözlərinə görə, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb.
Sazişə görə, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır.
Sazişə əsasən, Azərbaycan əhalisinin 10 faizə qədəri üçün peyvəndin COVAX çərçivəsində alınması nəzərdə tutulub. Həmçinin vaksinin ümumi dəyərinin bir hissəsi, yəni 3 milyon 235 min 840 dolları avans məbləği şəklində indi ödənilməlidir. Vaksinin tam təhlükəsizliyi ilə bağlı sınaqlar tam başa çatdıqdan sonra alacağımız vaksinin ödənişinin digər hissəsi ödənilməlidir. Hökumətin qərarına əsasən, bu ödəniş Koronavirusla Mübarizəyə Dəstək Fondundan ayrılmalıdır.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu 2020-ci il 19 mart tarixində prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Qeyd edək ki, bu qəbildən olan fond dünyada ilk dəfə Azərbaycanda təsis edilib.
Xatirladaq ki, fond yarandığı tarixdə prezidentin ehtiyat fondundan buraya 20 milyon manat ayrılıb. Ardınca isə ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva könüllü olaraq bir illik əmək haqqı məbləğini fonda ianə edib. Daha sonra könüllü ianə edənlərin sayı artmağa başlayıb.
Dövlət büdcəsindən ayırmalarla yanaşı, hüquqi və fiziki şəxslərdə könüllü olaraq fonda ianələr edirdlər. Müxtəlif dövlət qurumları, şirkətlərlə bərabər ayrı-ayrı məşhur şəxslərdə bu könüllü aksiyada iştirak edirlər. Rusiyanın nüfuzlu iş adamı Qod Nisanov fonda 2 000 000 manat, digər Azərbaycan əsilli rusiyalı biznesmen Fərhad Əhmədov isə fonda 1 000 000 manat vəsait köçürüb. Məlumata görə, hazırda fondda 113,7 milyon vəsait toplanıb. Xatırladaq ki, fond 2020-ci il dekabrın 31-dək fəaliyyət göstərəcək.
Bəs hazırda ölkədə koronovirusla bağlı mövcud vəziyyət necədir?
Qeyd edək ki, son bir həftədir ki, ölkədə virusa yoluxmalarda nisbi azalma müşahidə edilir. Lakin bu azalma bəzən dalğavarı olur. Məsələn, sentyabrın 22-nə olan məlumata görə, ölkədə koronavirus infeksiyasına 98 yeni yoluxma və 2 ölüm faktı qeydə alınmışdı. Bir gün sonra isə yoluxma sayı 146 nəfər qeydə alındı, 2 nəfərin də vəfat etdiyi bildirildi. Təəssüf ki, son günlər müəllim və şagirdlərin də arasında yoluxma faktı aşkarlanır. Belə ki, Təhsil Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 22-də 10 şagirddə və 7 işçi heyətində virus aşkarlanıb. Sentyabrın 23-nə olan məlumata görə isə daha 7 şagirddə və 6 işçidə koronavirus tapılıb.
Tanınmış həkim-pulmonoloq Ədalət Rüstəm mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, hazırkı mövcud vəziyyəti qənaətbəxş hesab etmək olar: “Güman edirəm ki, vətəndaşlar məsələyə məsuliyyətli yanaşacaq, vəziyyət daha da yaxşılığa doğru gedəcək. Lakin bu məsuliyyəti görmürəm. İctimai yerlərdə, nəqliyyatda müşahidə edirik ki, vətəndaşlar maskadan istifadə etmir, sosial məsafə saxlamırlar. Bu cür arxayınlaşmaq olmaz. Xatırladım ki, bir neçə ay bundan əvvəl sərt karantin rejimində xeyli yumşalmalar edilmişdi. Əhali vəziyyətdən arxayınlaşaraq, ”virus daha yoxdur" kimi düşüncələrlə hərəkət etdi. Nəticədə ölkədə virusa yoluxanların sayı sürətlə artmağa başladı və yenidən karantin rejimi tətbiq edildi. İndi də vətəndaşlarda arxayınlaşma müşahidə edilir. Bir həkim kimi vətəndaşlara müraciət edirəm ki, maska taxmaq, sosial məsafə saxlamaq, dezinfeksiya işlərinə məsuliyyətli yanaşmaq lazımdır. Yalnız bu yolla biz virusdan tədricən uzaqlaşa bilərik"./Musavat.com