Böyrəklər koronavirus virusuna qarşı çox hıssasdır.
Medicina.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda
Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dekanı Araz İbrahimov bildirib.
Onun sözlərinə görə, xəstələrin 7-10 faizinin böyrəyi zədələnir, hətta sağlam insanların belə:
“Koronavirus xəstəsi sağlam olsa belə, böyrəyinə təsir edə bilər, çünki aparılan müalicələr zamanı çox ciddi dərman terapiyası gedir. Gündəlik 20-25 tabletka dərman içilir, bunlar böyrək və qaraciyərlə xaric olunur, ona görə də əsas böyrək zədələnir. İkinci tərəfdən, yayılan pnevmaniya bədəndə oksigeni azaldır, kliniki boğulma da olur, beyin, böyrək, ürək və bütün orqanlara da oksigen çatmadığı üçün böyrək zədələnir. COVID zamanı qan laxtalanmasında da pozulma yaranır və damarları zədələyir, bu da böyrəyə zərər verir. Eyni zamanda, ikincili infeksiyalar yaranır, bu da böyrəyə təsir edə bilir".
A. İbrahimov deyib ki, iki ilə yaxındır koronavirus dünyada yayılıb, artıq müəyyən statistikalar hazırlanıb:
"Çində araşdırma statistikasına görə, virusdan ölən xəstələrin 32 faizində kəskin böyrək çatışmazlığı olub. Virusa yoluxanların 3-10 faizində isə ani böyrək çatışmazlığı yarana bilir. Şəkərli diabet xəstələrində böyrəklərin çox hissəsi sıradan çıxır, COVID də buna təsir edir. Eyni zamanda, piylənmədən əziyyət çəkə insanlar da böyrəklə bağlı risk qrupundadır. İnsanların xəbəri olmadan bəzilərində uroloji və onkoloji xəstəliklər var. COVID zamanı qanaxma ola bilər, bu zaman xəstənin uroloji və ya onkoloji xəstəkliyi olduğunu da üzə çıxara bilir. Koronavirus sonsuzluq belə yarada bilir”.