Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Koronavirus saxta dərman bazarını "çiçəkləndirib"

  • 2020.04.11 10:03
  • 1264 Baxış
Koronavirus saxta dərman bazarını "çiçəkləndirib"
Təkcə bir həftədə 14 milyon dollarlıq yararsız dərman müsadirə olunub.



ÜST həyəcan təbili çalır: saxta tibbi preparatlar yeni pandemiyaya səbəb ola bilər

Dünyanın ən böyük dərman istehsalçılarından olan Çin və Hindistan karantinə qapanan kimi ölkələr daha bir problemlə üzləşdilər - dərman qıtlığı. Koronavirusun müalicəsi və peyvəndi hələ məlum olmadığından insanlar təşviş içində ehtiyat dərman toplayırlar. Əsas istehsalçılar da karantində olduğu üçün tələb təklifi nəzərəçarpacaq dərəcədə üstələyir. Bu da bütün dünyada dələduzlar üçün münbit şərait yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, pandemiya fonunda saxta dərman bazarı "çiçəklənir" və bu cür tibbi preparatlar daha çox inkişaf etməkdə olan ölkələrdə yayılır.

DƏRMAN ƏMƏLİYYATI

Koronavirus saxta dərman bazarını çiçəkləndirib

"MediaPost" xəbər verir ki, ÜST mart ayında koronavirusu pandemiya elan edəndən sonra "İnterpol"un həyata keçirdiyi beynəlxalq əməliyyatla 90 ölkədə 120 nəfər həbs olunub. Və təkcə bir həftədə 14 milyon dollarlıq saxta əczaçılıq məhsulu müsadirə edilib. Bütün bu dərmanlar da insanlara COVID-19-u müalicə edən preparatlar kimi təqdim olunub.

"Dövlət səhiyyə sisteminin böhranlı dövründə bu cür saxta tibbi məhuslların qanunsuz ticarəti insan həyatına etinasız münasibətin göstəricisidir", - "İnterpol"un baş katibi Yurgen Stok bildirib.

ÜST-ün məlumatına görə, ümumilikdə aşağı və orta gəlirli ölkələrdə saxta dərman preparatlarının ticarət dövriyyəsinin həcmi 30 milyard dollardan çox qiymətləndirilir.

"Saxta dərmanların ən yaxşı halda xəstəliyə heç bir köməyi dəymir, ən pis halda isə tərkibindəki toksik maddələr insana zərər verə bilir", - ÜST təmsilçisi Pernet Burdiyon deyir.

Hesablamalara görə, qlobal əczaçılıq sənayesi ən azı 1 trilyon dollar dəyərində qiymətləndirilir. Geniş tədarük zəncirləri Çin və Hindistan kimi ölkələrdəki istehsalçılardan tutmuş, Avropa, Cənubi Amerika və Asiyadakı qablaşdırma anbarlarına və dünyanın hər ölkəsində dərman satışı ilə məşğul olan distribütorlara qədər uzanır.

TƏDARÜK ZƏNCİRİ QIRILIB

Koronavirus saxta dərman bazarını çiçəkləndirib

Pernet Burdiyon hesab edir ki, qloballaşmada heç bir sənaye əczaçılıqla müqayisə oluna bilməz: "Lakin dünya karantin tədbirlərinə keçən kimi tədarük zəncirləri çökməyə başladı".

Hindistan şirkətlərindən bir neçəsi BBC-yə bildirib ki, hazırda onlar güclərinin 50-60 faizi həcmində yükləniblər. Afrikaya zəruri dərmanların 20 faizini bu şirkətlər çatdırdığından, orada olan ölkələr tədarük qıtlığı ilə üzləşib.

Zambiyanın paytaxtı Lusakadan olan əczaçı Əfraim Firi çatışmazlığın indidən hiss edildiyini deyib: "Dərmanlar tükənməkdədir və biz boşluğu doldura bilmirik. Təchizatı təmin etmək son dərəcə çətindir. Xüsusilə də antibiotiklər və malyariyaya qarşı vacib dərmanlarla bağlı problem yaşayırıq".

İstehsalçılar və tədarükçülər də ağır günlər keçirir. Dərmanların hazırlanması üçün lazım olan maddələrin qiyməti bahadır və bəzi şirkətlərin ayaqda qalması günbəgün çətinləşir.

BAHALAŞMA VƏ QITLIQ

Koronavirus saxta dərman bazarını çiçəkləndirib

Pakistandakı istehsalçılardan birinin sözlərinə görə, əvvəllər malyariya əleyhinə dərmanı istehsal etmək üçün lazım olan ilkin maddələrin hər kiloqramına 100 dollar ödəyirdilərsə, indi qiymət 1150 dollara yüksəlib.

Ölkələr karantin rejiminə keçdiyindən istehsal azalır. İnsanlar da evlərindəki "apteçka"nı doldurduqları üçün tibbi məhsullara tələbat hədsiz dərəcədə artır.

ÜST bildirir ki, tədarükün azalması, tələbin artması saxta dərmanların istehsal və satışında təhlükəli artım yaradıb: "Təchizat tələbatı ödəyə bilməyəndə bu boşluğu aşağı keyfiyyətli və ya saxta dərmanlarla doldurmağa çalışanlar olur".

Dünyadakı əczaçılar və əczaçılıq şirkətləri həyəcan təbili çalırlar. Onların sözlərinə görə, tezliklə malyariya əleyhinə dərmanların çatışmazlığı yarana bilər.

Koronavirus saxta dərman bazarını çiçəkləndirib

ABŞ prezidenti Donald Tramp COVID-19-un müalicəsində malyariya qarşı istifadə olunan hidroksiklorokin və xlorokinin ehtimal olunan səmərəsi barədə danışandan sonra bütün dünyada bu dərmanlara tələbat artıb.

40 DOLLARLIQ DƏRMAN 6 DƏFƏ BAHASINA SATILIR

Ümumdünya Səhiyyə Təşkilatı isə bəyan edir ki, adıçəkilən dərmanların COVID-19-a səbəb olan virusa qarşı effektivliyi sübut olunmayıb. Buna baxmayaraq, son mətbuat konfransında Donald Tramp "Nə itirirəcəksiniz ki, onları qəbul edin", - deyə əvvəlki fikrinin üzərində durub.

Bu dərmanlara tələbatın kəskin artmasından sonra BBC Konqo Demokratik Respublikasında və Kamerunda böyük miqdarda saxta xlorokinin satıldığını açıqladı. Bununla yanaşı, ÜST Nigeriyada saxta dərman satışını aşkar etdi.

Malyariyanın müalicəsi üçün nəzərdə tutulmuş xlorokinin hər min tableti adətən 40 dollardan satılırdı. İndi məlum olub ki, Konqo Demokratik Respublikasının apteklərində onları 250 dollara satırlar.

Koronavirus saxta dərman bazarını çiçəkləndirib

Satılan dərmanın guya Belçikada "Brown and Burk Pharmaceutical limited" şirkəti tərəfindən istehsal edildiyi iddia edilirdi. Lakin Britaniyada qeydiyyatdan keçmiş şirkətdən bildirdilər ki, bu dərmana heç bir aidiyyətləri yoxdur: "Bildirmək istəyirik ki, biz bu dərmanı istehsal etmirik. Bu saxta dərmandır".

Oksford Universitetinin saxta dərmanlar üzrə mütəxəssisi Pol Nyuton hesab edir ki, dünya ölkələri mübarizə üçün bir araya gəlməsə, koronavirus pandemiyası fonunda saxta və təhlükəli dərmanların yayılması artacaq.

P.Nyuton da bu fikirdədir ki, saxta dərmanlarla müalicə yeni pandemiyanın yaranmasına gətirib çıxara bilər: "Aşağı keyfiyyətli tibbi məhsulların yayılması dayandırılmasa, buna qarşı qlobal şəkildə əlaqələndirilmiş vərazılaşdırılmış istehsal planı tərtib edilməsə, dərman və peyvənlərin sınaqdan keçirilməsinə ədalətli nəzarət təmin olunmasa, başqa bir pandemiya riski yaranacaq. Aşağı keyfiyyətli saxta məhsulların geniş yayılması baş verəcək və müasir tibbin üstünlükləri itiriləcək".

XLOROKİN FAYDALIDIRMI?

Xlorokin tabletlərindən uzun illərdir malyariyada iltihabı aradan qaldırmaq və hərarəti aşağı salmaq üçün istifadə olunur. Buna görə də onun COVID-19-a da kömək edə biləcəyi isisna olunmur. Çünki bu xəstəlik də tez-tez yüksək hərarət yaradır.

Koronavirus saxta dərman bazarını çiçəkləndirib

BBC-nin əməkdaşı Ceyms Qallaxerin sözlərinə görə, laboratoriya araşdırmaları xlorokinin koronavirusu blok etdiyini ortaya qoyub. Və bəzi həkimlər bu dərmanın səmərəliliyini göstərən dolayı dəlillər də göstəriblər.

Lakin kliniki sınaqlar bu dərmanın COVID-19 xəstələrinin müalicəsi üçün təsirli bir preparat olduğunu sübut etməyib. Üstəlik, dərmanın böyrəklərə və qaraciyərə yan təsir göstərmə riski çox yüksəkdir.

Dərmanın effektivliyinə bir çox elm adamı da şübhə edir. Məsələn, ABŞ-ın Merilənd Universitetinin professoru Ketrin Selie-Radtke xlorokinin istifadəsini təşviq etməkdən ehtiyat edir və ona layiq olmadığı qədər diqqət göstərildiyini düşünür.

Professor bildirib ki, bir çox klinik tədqiqatlar bu dərmanın COVID-19-a təsir etmədiyini göstərib: "Ən əsası, təhlükəli yan təsirlərə səbəb ola və insanlara yalançı ümid verə bilər". (MediaPost)