"Koronavirusa yoluxmuş hamilə qadın sayı çox az olduğu üçün hamiləlikdə COVİD-19-un gedişatı haqqında dəqiq məlumat yoxdur. Lakin aparılan tədqiqatlarda hamiləlik zamanı koronavirus ailəsindən olan SARS ve MERS infeksiyalarının gedişatının daha ağır keçdiyi göstərilmişdir. Buna görə də yeni tip koronavirus infeksiyası COVİD-19-un hamiləlikdə daha ağır gedişata malik ola biləcəyi təxmin edilməkdədir".
"Medicina.az"ın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d. Təranə Bayramova deyib.
Onun sözlərinə görə, yenidoğulmuşların COVİD-19-a yoluxması haqqında məlumat az olmasına baxmayaraq bir çox mənbələrdə anadan dölə cift vasitəsilə yoluxmanın mümkün olmadığı qeyd edilir. Çində aparılan tədqiqatlarda COVİD-19-la yoluxan hamilələrin amnion mayesində, göbək ciyəsindən əldə olunmuş qanda, yenidoğulmuşun əsnəyindən və ana südündən alınan nümunələrdə koronavirus təsbit edilməmişdir.
Hələki, koronavirusun dölün inkişafına mənfi təsir göstərməsi haqqında da məlumat yoxdur. Bəzi elmi araşdırmalarda hamilələrdə yeni tip koronavirus infeksiyası COVİD-19-un vaxtından əvvəl doğuş, düşük, döldə inkişaf ləngiməsi və fetal distressə səbəb olduğu göstərilir.
T.Bayramova deyir ki, hamilələrdə COVID-19 yoluxması zamanı hidroksixlorokin və lopinavir/ritonavir müalicəsinin təyini məqsədəuyğundur. Nəticə etibarilə, COVID-19 diaqnozu qoyulmuş hamilələrin müalicəsi, hamilə olmayanlarla eynidir. Sadəcə, COVID-19 müsbət çıxan hamilələrin müayinə və müalicəsi, lazım gələrsə doğumu 3 dərəcəli xəstəxanalarda aparılmalıdır. Xəstəxanada perinatoloq, neonatoloq, anestezioloq-reanimatoloq, infeksionist olmalıdır. Nəzarət, müayinə və müalicənin mənfi təzyiqli izolyasiyalı otaqlarda aparılması məsləhət görülür. Hamilə qadında COVID-19 müalicəsini oksigen verilməsi, empirik antibiotiklər, dölün ürək döyüntülərinin və uşaqlıq əzələsinin kontraksiyalarının izlənməsi, lazım gələrsə, mexaniki ventilyasiya və doğuşun vaxtında sonlandırılması təşkil edir. Hamilələrdə maye ilə artıq yüklənmə məsləhət görülmür. Normal hamiləlikdə komyuter tomoqrafiyası əks göstərişdir, lakin COVİD-19 zamanı komyuter tomoqrafiyasının çəkilməsi qaçınılmazdır.
"Hamiləlik və COVİD-19"la bağlı açıqlamasında həkim qeyd edib ki, koronavirus infeksiyası doğuş üsuluna da təsir etmir. Cərrahi müdaxilə tibbi göstəriş olarsa, tətbiq edilə bilər. Eləcə də aparılan tədqiqatlarda normal fizioloji doğuş zamanı uşaqlıq yolu ifrazatı ilə yenidoğulmuşun yoluxması faktı göstərilməmişdir. "Xarici ədəbiyyatda indiyə qədər COVID-19-la yoluxan 32 hamilə haqqında məlumat vardır. 32 hamilənin 15-ində (47%) vaxtından əvvəl doğuş müşahidə olunub. COVID-19-la yoluxmuş 32 qadının 27-sinin hamiləliyi cərrahi yolla başa çatdırılıb. Belə olan hallarda isə südün sorucularla sağılıb körpəyə verilməsi tövsiyə edilir.